Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib
Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbə istifadəyə verilib
27 Avqust 2019 12:37 SosialBeyləqan rayonu ərazisində 146 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib. "OLAYLAR"-ın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 105-ci qəsəbədir.
Yeni qəsəbəyə Beyləqan rayonu ərazisində məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcək. Bu məqsədlə rayon mədəniyyət evində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Avqustun 27-dən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.
Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 30 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin avqust ayında başlanılıb. Qəsəbədəki evlərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bundan başqa, qəsəbədə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi də inşa edilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.