Demokratiyanın vacib amillərindən biri söz, mətbuat azadlığının təmin olunmasıdır
26 Avqust 2019 17:15 SosialPrezident İlham Əliyev: "Bu gün jurnalistlərin məsuliyyəti yüksək səviyyədədir"
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. "Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.
Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərərək, Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istər ədəbi sahədə, istərsə də mətbuat sahəsində yeni canlanma yaratdı, Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin ana dilimizdə yayımı genişləndirildi. Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətli addımlar atıb. Bundan başqa, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. 1998-ci ildə KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında", sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyası aradan qaldırılıb. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında postsovet məkanında ilk dəfə ölkəmizdə Mətbuat Şurası yaradılıb. 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrılıb. 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları 3 il müddətinə dondurulub, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınıb.
Azərbaycandakı hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir. Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir.
Prezident İlham Əliyev daim mətbuatın qarşısında duran vəzifələrdən bəhs edərək müstəqilliklə bağlı mövzulara daha geniş yer verilməsinin vacibliyini bildirib: "Azərbaycan dövlətinin inkişafı Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi ilə ölkəmiz idarə olunur. Biz böyük iqtisadi inkişafa nail olduq, meqa layihələri icra etdik. Biz dünyada özümüzü artıq multikulturalizmin mərkəzi kimi tanıda bildik və bu gün bu sahədəki uğurlarımız bir çox ölkələrdə öyrənilir. Bütün bu əldə edilmiş uğurların təməlində bizim düşünülmüş siyasətimiz, o cümlədən demokratik cəmiyyətin formalaşması dayanır.
Jurnalistlər isə əlbəttə ki, öz fəaliyyətləri ilə bu inkişafa töhfələrini verirlər, cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Mən sizə deyə bilərəm ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir, yəni həm xarici siyasət, həm də daxili siyasətlə və təhlükəsizliklə bağlı əsas məsələlər əlbəttə ki, məruzə edilir. Ancaq elə bir məsələ var ki, bu, çox ciddi məsələ sayılmaya bilər, ancaq insanları narahat edən məsələdir. Bu məlumatlar haqqında mən hərdən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Ona görə, jurnalistlər bəlkə özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında - harada ki hansısa ədalətsizlik, qanunsuzluq var - dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz.
Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil və biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm də daxili xarakter daşıyır - baxır gündəlikdə hansı məsələ dayanır. Təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə ki, hansısa məqsədləri güdür və bu məqsədlər bir çox hallarda həqiqətdən daha da önəmli faktor kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, jurnalistikada ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, mən deyə bilərəm ki, bizim jurnalistikamızda yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb. Bunu cəmiyyət də, jurnalistlər də görür, əlbəttə ki, bu onların fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artırılması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar, amma ondan sonra o mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə də jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi əlbəttə ki, diqqətə layiqdir və bu istiqamətdə hesab edirəm ki, son illərdə Azərbaycanda müsbətə doğru irəliləyiş var. Əlbəttə ki, jurnalistika nə qədər mümkündürsə obyektiv olmalıdır, çünki tam obyektivliyə nail olmaq da çətindir, hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq bu böyük məsuliyyəti dərk edərək jurnalistlər üzərində çox böyük məsuliyyət var, onların sözü incidə də bilər, problem yarada da bilər və yaxud məsələni həll edə də bilər. Ona görə də xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir. Bu istiqamətdə son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası daha da məsuliyyətli olub, daha da təmkinli olub, artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatlara rast gəlmək olar, nadir hallarda insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar. Bu baxımdan bizim jurnalistlərimiz bəzi dırnaqarası siyasətçilərdən daha da öndədir və hesab edirəm ki, jurnalistikamızda bax bu istiqamətdə müşahidə olunan islahatlar gedir. Biz 90-cı illəri, o vaxt jurnalistikamızda hansı meyillərin hökm sürdüyünü yaxşı xatırlayırıq. O vaxt, deyə bilərəm ki, çox üzücü bir mənzərə ilə üzləşmişdik. Təhqir, böhtan və şər faktoru bəzi mətbuat orqanlarında əsas rol oynayırdı. Artıq bu istiqamətdə həm cəmiyyət, həm jurnalistikamız inkişaf edib, həm də hesab edirəm ki, bu gün jurnalistlərin məsuliyyəti yüksək səviyyədədir. Bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır. Digər məsələlərə gəldikdə, hesab edirəm ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməlidir".
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Sevindirici haldır ki, bu üç amil Azərbaycan mətbuatının əsas özəyi və sütünudur. Məhz bu müqəddəs dəyərlərin sayəsində bu gün Azərbaycan həqiqətləri dünyaya bəyan edilir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir