“Lənkəran, Quba və Yardımlıda meşədəki yanğınlar tam söndürülüb” – FHN
“Lənkəran, Quba və Yardımlıda meşədəki yanğınlar tam söndürülüb” – FHN
26 Avqust 2019 16:16 SosialSon günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülkü müdafiə qoşunlarının və regional mərkəzlərin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
FHN-dən verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 3 ədəd helikopteri və 1 ədəd "BE 200 ÇS" tipli amfibiya təyyarəsi iştirak edib.