Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib

Azərbaycan və Çində UNESKO-nun irsi müzakirə edilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irs obyektləri" mövzusunda Çin mədəniyyəti həvəskarları klubunun növbəti iclası keçirilib. Tədbir Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə həsr olunub.

Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan ilə UNESKO arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafından danışıb. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliği, sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi ümumbəşəri ideyaların həyata keçirilməsi istiqamətində fəaliyyətini xüsusilə qeyd edib.

İclas iştirakçıları Azərbaycanda və Çində UNESKO-nun Ümumdünya irsi sayılan Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan dövlət tarixi-bədii qoruğu, Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi, Böyük Çin səddi, Yasaq şəhər, Terrakota ordusu, Qufu şəhərində olan Konfutsi məbədi, məzar və muzey komplekslərinin mədəni, tarixi və ekoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar. İştirakçılar, həmçinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədi ilə mədəni və təbii irs obyektləri üçün yeni meyarların xüsusiyyətinə həsr olunmuş məruzələrlə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31