Azərbaycanda söz və fikir azadlığının qarşısını alan bütün maneələr aradan qaldırılıb

Azərbaycanda söz və fikir azadlığının qarşısını alan bütün maneələr aradan qaldırılıb

Özünün demokratik inkişaf yolunu seçmiş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması üçün bütün lazımı inkanlar yaradılıb. Hazırda ölkə vətəndaşları beynəlxalq standartlar əsasında hazırlanmış milli qanunvericilik çərçivəsində söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edə bilir. Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət "dördüncü hakimiyyət" adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir. Təsadüfi deyil ki, ölkədə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şərait beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Bu isə o deməkdir ki, Azərbaycanda hər bir vətəndaş, hər bir kütləvi informasiya vasitəsi söz, fikir və ifadə azadlığında sərbəstdir. Çox təəssüf ki, son vaxtlar kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının artması cəmiyyəti ciddi narahat etməkdədir. Belə ki, bir sıra kütləvi informasiya vasitələri, xüsusən də elektron media nümayəndələri və sosial şəbəkə iştirakçıları yaradılmış şəraitdən sui-istifadə edərək həqiqətə uyğun olmayan, bir çox hallarda isə böhtan və şantaj xarakterli məlumatlar yaymağa üstünlük verirlər. Vəziyyət o həddə çatıb ki, belə kütləvi informasiya vasitələri elm, mədəniyyət, dövlət xadimləri, tarixi şəxsiyyətlərimiz barədə böhtan xarakterli məlimatlar tirajlamaqdan belə çəkinmirlər. Üstəlik ölkəmizin müharibə şəraitində yaşamasını nəzərə almadan bəzi KİV-lərin, xüsusən də sosial şəbəkələrin fikir və söz azadlığının, demokratik dəyərlərin verdiyi imkanlardan sərhədsiz, daha doğrusu   məsuliyyətsiz   istifadəsi dövlətin informasiya təhlükəsizliyi baxımından da problem yaratmış olur. Məhz bu səbədən cəmiyyətdə söz və ifadə azadlığı, KİV və jurnalist fəaliyyətindən sui-istifadə edənlərin haqqında müvafiq ölçü götürülməsi ilə bağlı təkliflər səslənir. Etiraf edək ki, sadalanan faktlar   məsələnin hüquqi cəhətdən nizamlanması zərurətini yaradır.

Hüquqşünas Alim Hüseynli hesab edir ki, bəzi media orqanlarının qeyri-peşəkarlığı, söz azadlığından sui-istifadə etməsi bu sahənin hüquqi tənzimlənməsinə yenidən baxılmasını labüd edir. Məlum olur ki, liberallığı ilə digər qanunvericilik aktlarından fərqlənən "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunun zamanın və bugünkü reallıqların tələbinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi, şəxsiyyətin nüfuzunun qorunması, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısının alınması, ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün söz azadlığı hüququna məhdudiyyətlərin dairəsinin, şərtlərinin, məsuliyyətinin və s. müəyyənləşdirilməsi ilə yanaşı, fövqəladə hallar zamanı qoyula biləcək məhdudiyyətləri də dəqiq və dürüst müəyyənləşdirən, çevik praktiki tətbiq mexanizmləri olan yeni qanunun qəbul edilməsi məqsədəmüvafiq olardı: "Sözsüz ki, demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır."İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Eyni ilə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsində də təsbit edilir ki, hər bir insan şəxsi fikri olmaq hüququna malikdir. Hər bir insanın öz fikrini sərbəst ifadə etmək hüququ var". Onun sözlərinə görə, demokratik hüquqi dövlət olan Azərbaycan Respublikası da cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikir və söz azadlığını təmin edib. Belə ki, bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunub. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminatı verilmişdir. Lakin nəzərə alınmalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla, hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində  göstərilir ki, konstitusiyanın və qanunların pozulması, o cümlədən konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Habelə konstitusiyanın 71-ci maddəsinin (yeni red.) II bəndində ehtiva olunur ki, hər kəsin hüquq və azadlıqları bu konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyən "Dövlət sirri haqqında" Qanunun 5-ci maddəsi ilə dövlət sirrini təşkil edən məlumatların dairəsi müəyyən edilmiş və bu məlumatların mühafizəsi və istifadəsi ilə bağlı şərtlərin pozulmasına dair məsuliyyət qanunvericiliklə sanksiyalaşdırılaraq, müvafiq olaraq cinayət və digər məsuliyyətlər nəzərdə tutulub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də nəzərdə tutulur ki, "Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və ya mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər". Mülki Məcəllənin 16-cı və 560-cı maddələrində də fiziki və hüquqi şəxslərin yalnız başqalarına ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərin, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinin yolverilməzliyi nəzərdə tutulur: "Beynəlxalq və milli qanunvericiliyin yuxarıda şərh edilən tələblərindən göründüyü kimi, fikir və söz azadlıqlarından, demokratik dəyərlərin verdiyi digər imkanlardan qərəzli sui-istifadənin, qeyri-peşəkar, səriştəsiz yanaşmanın qarşısının alınması üçün ifadə azadlığı hüququna həm beynəlxalq hüququn, həm də milli hüququn müəyyən etdiyi, demokratik cəmiyyətin tələblərinə cavab verən məhdudiyyətlərin qoyulması mümkündür. Bütün bunlara əsaslanaraq demək olar ki, belə məhdudiyyətləri nəzərdə tutan müvafiq qanunun qəbul edilməsi həm beynəlxalq, həm də milli hüququn tələbləri ilə uzlaşır. Belə bir qanunun qəbulu "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya"da, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan fikir və söz azadlığı hüququnun məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Hüquqların məhdudlaşdırılmasına dair qanunevericilik təcrübəsini araşdırarkən qeyd etmək yerinə düşər ki, respublikamızın qanunvericilik təcrübəsində sərbəst toplaşmaq azadlığına demokratik cəmiyyətin tələblərinə cavab verən şəkildə məhdudiyyətləri nəzərdə tutan "Sərbəst   toplaşmaq azadlığı haqqında" Qanun mövcuddur. Onu da xüsusilə qeyd etmək yerinə düşür ki, təklif olunan qanunda söz və fikir azadlığı hüququ həyata keçirilərkən, digər hüquq və vəzifələrə riayət olunmaqla, onlar arasındakı mütənasibliyin təmin olunması, qərəzli sui-istifadə hallarına yol verilməməsinə dair müvafiq normalar da nəzərdə tutulmalıdır. İndiyədək söz və fikir azadlığının həyata keçirilməsi ilə bağlı müzakirə və təkliflərdə, qəbul olunan qanunlarda əsasən, kütləvi informasiya vasitələrində bu hüquqdan sui-istifadə məsələləri ön plana çəkilməklə, məhz KİV-də bu hüquqlardan sui-istifadənin yolverilməzliyi qeyd olunur. Lakin bu zaman söz və fikir azadlığının həyata keçirildiyi digər kütləvi yayılma üsulları diqqətdən kənarda qala bilməz. Ona görə də hesab edirik ki, təklif olunan qanun nəinki kütləvi informasiya vasitələrinə, eləcə də kütləvi yayılan və nümayiş etdirilən internet- informasiya ehtiyatlarına, əsərlərə, kütləvi çıxışlara, eləcə də informasiyanın yayılması mümkün olan digər subyektlərə də şamil edilməlidir".

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31