Dəniz mavi, üfüq mavi -Nigar Orucova yazır

Dəniz mavi, üfüq mavi

Ümidin bir rəngi olsaydı mavi olardı deyirlər. Dəniz kimi, üfüq kimi sonsuz. Yarımadanın bağrında natamam qalan qağayılar atalar bu maviyə özünü səpələnələr ləpələrlə. Çiyin-çiyinə onunla var olub onunla yox olalar. Yağışın qüruruna toxunmadan dəyişələr onun ətrini dənizin ətrinə. Nəfəs alalar, heç kim səslənmədən tamamlanalar əlvidalara çatmadan sonsuz yollarda. Qayalarla vuruşmadan barışıq yaşayalar.

Hər səhər pəncərədən görünən ümid dolu maviyə baxmaq hər fürsətdə özünü sahilə atmaqdır bu qayalarla barışıq yaşamaq. Gündüz ayrı, gecə ayrı sevməkdir onu. Tərəfdaşdır dəniz. Bəzən bəlalı tərəfdaş. Sonsuz ənginliyə çatmaq üçün quduz fırtınalarla, dalğalarla maviyə bağlanıb yaşamaqdır. Onu olduğu kimi qəbul etməkdir. Solu-sağı bəlli olmasa da sonsuz üfiq kimi aşiq qalmaqdır ona.

Fırtınası qulağında heç bitməyən musiqi, şiddəti təbəssümündə gizli saxladığın mavidir. Heç vaxt solmayan ümidin rəngi. Bəlanın qarşısında səbrli olmağı bacarmayanlara ən gözəl çalardır mavi. Sərhədsizliyin simvolu... Səmimi, gizli və səssiz. İnam, məsuliyyət, dürüstlük və sədaqətdir. Ən çox da dənizə məxsusdur. Bundandır ki, o, rəngli gözləri həmişə gizli şəkildə qısqanır.

Günəş batsa, sahil boş qalsa da o heç vaxt tək və qaranlıq deyil. Gecə parıldayırsa, dəniz də parıldayır. Ay da tutulur sevdiyi maviyə...

Üfiq də hörmət edir onun  əbədiliyinə. İncə qucaqladığı adalara qayğı göstərir dəniz. Dalğaların səsi ilə sakitləşdirir onu. Ləpələrin rəqsi ilə təəccübləndirir. Həmişə eyni olduğunu bilə-bilə, lakin, yenə də təkrarı olmayan.

Sahilindən kənarlaşıb sularında üzməyi düşünün. Hətta heç nəyi düşünməyin, ən yaxşısı maviyə aşiq qalın. Bir təsəvvür edin, dəniz mavi, üfüq mavi... Biri ümid, digəri sevgi olan qızıldan mavi üzərində  kağızdan gəmilərinizi üzdürüb ardınca baxırsınız. Sərt külək onu hara aparacaq? Heç bir zədə almadan öz beşiyinə balıqçı qayığına gedib çatacaq mı?

Çox səsi batıran dəniz, çox kədəri, çox sevinci gizlədib ləpələrində. Çox olub öz doğmaları ilə vidalaşmadan qorxulu, həyacanlı, çevik sulara qərq olub gedənlər. Kiminin gözlərində ayın haləsini əks etdirir, kiminin batan günəşi... Mavi qaraya bürünür həmin gün. Cəsurluğu sevən, məsuliyyətsizliyi bağışlamayan dəniz...

Məşhur filmin "O gəmi bir gün gələcək" adı isə bütün hallarda ümiddən xəbər verir. Həm də mavi ənginliklərdən gələn ümiddən. İstər, köhnə bir dost, istər illərdir zamanın dənizə qarışdığı bir vaxtda nəhayət reallaşan böyük bir arzu, istərsə daşları yerindən oynadacaq bir xəbər, adını nə qoyursaq qoyaq, kim nə gözləyirsə gözləsin o ümid bir gün gələcək. Zatən gözəl olanı inanmaq və gözləməkdir...

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31