Mina qurbanları üçün maarifləndirmə tədbiri keçirilib
Mina qurbanları üçün maarifləndirmə tədbiri keçirilib
22 Avqust 2019 13:19 Sosial"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması" adlı layihənin icrasını davam etdirir. "OLAYLAR"-a İctimai Birlikdən daxil olan məlumata görə, layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Beyləqan rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunmuşdur. Seminarda açılış çıxışı edən layihə rəhbəri Hafiz Səfixanov bildirmişdir ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.
Beyləqan rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi bilgilərə dair maarifləndirici məlumatlar vermişdir. Bundan başqa tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi "101 çox yaxşı ideya" məlumat vərəqi paylanıb.