Doğum evinin qarşısındakı çırpıntılar… -Elçin Hüseynbəyli yazır
21 Avqust 2019 13:40 SosialElçin Hüseynbəyli
Hər gün müxtəlif insanlarla qarşılaşırıq. Bunu "insan mənzərələri" də adlandırmaq olar və belə bir ifadə ədəbiyyatımızda, publisistikamızda yetərincədir. Mən də müntəzəm olaraq qəribə taleli adamlarla qarşılaşıram və bir dəfə yazdığım kimi, hər dəfə çoxmərtəbəli binalara, yolda ötüşən maşınlara, ora-bura yürüyən insanlara baxanda onların hər birinin fərqli tale yaşadıqlarını görürəm. Məşur deyimdəki kimi: hamı eyni cürə xoşbəxt, amma hərə bir cürə bədbəxtdir.
Mənim təzəcə öyrəşdiyim, hər səhər gəzdiyim xiyaban doğum evinin qarşısından keçir. Burda körpələrini gəzdirən ata-anaları, baba-nənələri görürəm və onların şən gülüşlərinə, qayğəlarına, körpələr üçün keçirdikləri narahatlıqlara baxıram, gülümsünürəm. Çünki az və çox dərəcədə xoşbəxtdirlərl. Amma elə insanlara da rast gəlirəm ki, onların üzünə, yerişinə-duruşuna baxanda qəmlənirəm.
Məslən, bir ana hamilə gəlinlə oturub nəsə danışır, ağlayır. Və elə xısın-xısın ağlayır ki, ətrafdakıların diqqətini cəlb etmək istəmir. Gəlin susur, özü də pərtdir. Mənə elə gəlir ki, gəlin onun qızıdır və bəxti gətirməyib: ərimi ondan aralanıb, ya özümü qaynata evindən baş götürüb qaçıb. Allah bilir. Başqa bir mənzərə də oxşardır. Qadın, güman ki, ana qabaqda gedir, hamilə gəlin isə arxada. Bu dəfə gəlin ağlayır, ana isə onu danlayır. Niyə hər iki halda gəlinlərin yanındakı qadınların anaları olduğunu düşünürəm? Çünki yalnız ana öz qızını belə danlayar və belə yanıqlı-yanıqlı ağlayar. İndiki zamanda qaynanalar dəbdə deyil.
Amma məni başqa nəsnələr düşündürür və az qalıram ki, həmin analara yaxınlaşıb ürəyimdəkiləri deyəm. Maləsəf, mümkün deyil, çünki məni düzgün anlamazlar, başqalarının şəxsi işlərinə qarışmağımı qəbahət hesab edərlər. Ona görə də bu cür anaların hamısına, həmin gəlinləri incidənlərə demək istəyirəm ki, o anaların dünyaya gətirəcəyi körpələr bizim gələcəyimizdirlər: gələcəyin anaları, ataları, babaları, nənləridirlər. Körpə ana bətnində hər şeyi hiss edir və ona necə yanaşsan o cür də böyüyəcək.
Gələcək övladlarımızın, elə özümüzün də xoşbəxt olmağımız üçün cavan gəlinlərin göz yaşıarına yox, onların təbəssümünə səbəb olacaq işlər görməliyik.
Problemlər gəldi-gedərdi. Onlar hər zaman var və onları dəf eləməyin min bir yolu da var. Ona görə də hər adi (hətta bizə mürəkkəb görünən belə) işlər üçün onları incitməməliyik.
Haydı, dostlar!
Avqust, 2019