Üzü düymədən taxta gəlincik... Arzu Göytürk yazır
20 Avqust 2019 11:55 SosialQonşuluqda Aynur adında toppuş, qarayanız ,özündənrazı bir qız vardı.Atası ona gözəl bir gəlincik almışdı.Gəlinciyin gözəl qırmızı donu, balaca çantası ,qara hörükləri vardı.Nənəmdən xahiş etmişdim mənə də o gəlincikdən alsın.Amma nənəmin həmin gəlincikdən almağa pulu yox idi.Hər dəfə Aynur qara hörüklü gəlinciyini yanımda oynadanda həsrətlə baxardım.Aynur gəlinciyinə heç kimin toxunmasına icazə də vermirdi.Aynurun özündən böyük bacısı hərdən bizə yaxınlaşar, "gəlinciyə əl vursaz ,əlinizi qıraram" deyərdi.((
Bir səhər yuxudan ayılanda yanımda taxtadan düzəldilmiş , üzü düymədən, saçları yundan hazırlanmış balaca bir gəlincik gördüm.Hətta əyninə məktəbli forması da tikmişdi nənəm.Çox sevinmişdim.Gəlinciyi götürüb sevinə -sevinə həyətə qaçdım.Aynur da, gəlinciyi ilə həyətdə oynayırdı.Mənim gəlinciyimi görən kimi öz bahalı gəlinciyini mənə uzadıb , "gəl dəyişək" dedi.Mən razı olmadım. Üzü düymədən , saçları yundan olan gəlinciyim nənəmin əlinin zəhməti ilə yarandığı üçün həmin gəlincik mənim üçün Aynurun gəlinciyindən dəyərli ,qiymətli idi.Aynur gəlinciyi dəyişmədiyimi görüb ərköyüncəsinə bağırıb, ağlamağa başladı. Səsə Aynurun böyük bacısı gəldi.Məsələni biləndən sonra taxta gəlinciyimi əlimdən alıb ,saçlarını qopartdı ,eybəcər hala saldığı gəlinciyimi Aynura göstərib, qəhqəhə ilə gülərək ,gəlinciyimi yerə atıb uzaqlaşdılar. Mən gəlinciyimi yerdən götürüb ,sinəmə sıxdım. saçları qopmuş,taxta gəlinciyimin üzü düymədən olan üzünə baxa- baxa ağlayırdım.Amma vicdanım rahat idi.Mən onu Aynurun bahalı, gözəl gəlinciyinə dəyişməyəcək qədər vəfalı idim..........
ARZU GÖYTÜRK