Lerikdəki hadisənin GİZLİ MƏQAMLARI
20 Avqust 2019 10:58 Sosial"Relax" istirahət mərkəzində baş verənlər gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib.İqtisadçı hesab edir ki, "Relax" az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq:
"Rəsmi açıqlamadan bəlli olur ki, "Relax" bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu, o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub. 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə rəqəmlərlə ifadə olunan vergi ödənişləri gülməlidir".
V. Bayramov vurğulayıb ki, Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi təqdirəlayiqdir:
"Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda "himayəçiliyin" aradan qaldırmasından asılı olacaq".
Xatırladaq ki, ötən gün "Relax" istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağrılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.
Vergilər, Daxili İşlər Nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.