Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edilib

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə Müsabiqə Komissiyası Ədliyyə Nazirliyinin bölgələrdəki yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edir. Nazirlikdən "Olaylar"a bildirilib ki, bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən və göstərilən yerli qurumlarda işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur. Müsabiqədə iştirak etmək istəyənlərə əlverişli şərait yaradılaraq bu barədə müraciətləri "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə qəbul edilir. Müsabiqənin birinci mərhələsi - test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal yerindəcə təqdim olunacaqdır.

Hüquqşünaslar müsabiqədə iştirak üçün cari ilin avqust ayının 20-dən etibarən Nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) qeyd olunan elektron xidmətdən bəhrələnməklə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Qeydiyyata alınmış bütün namizədlərin fərdi elektron kabinetləri yaranır və onlar müraciətlərinin qəbulu ilə bağlı məlumatlandırılır. Namizəd müsabiqənin gedişi barədə məlumatları kütləvi informasiya vasitələri ilə yanaşı, elektron kabinetindən də əldə edə bilər. Ərizələr poçtla, həmçinin regional ədliyyə idarələri vasitəsilə də təqdim oluna bilər. Test imtahanından uğur qazanmış namizədlərin digər zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar. Bütün suallarla bağlı nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, 538-08-85 nömrəli telefonlar vasitəsilə operativ informasiya almaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31