Məhkəmə mübahisələrinin alternativ həlli - TƏHLİL

Məhkəmə mübahisələrinin alternativ həlli- TƏHLİL

Mediasiya prosesində hansı işlərə baxılır?

Baş nazir Novruz Məmmədov "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası"nı təsdiq edib. Bununla mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği "Mediasiya haqqında" Qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir. Mediasiya xərclərinin ödənilməsindən imtina barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir.

Xatırladaq ki, 29 Mart 2019-cu il tarixində "Mediasiya Haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. "Mediasiya Haqqında" qanunun qəbulu Azərbaycanda davam edən məhkəmə və hüquq islahatlarının tərkib hissəsidir. Qanuna görə, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı "Mediasiya Haqqında" qanunla müəyyən olunan prosesdir və mülki və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla), o cümlədən ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq ediləcəkdir. 1 iyul 2020-ci il tarixindən etibarən isə İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaqdır.

Qanunda verilmiş tərifə görə, mediatorlar, peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, ali təhsilə malik, 25 yaşı tamam olmuş və ən azı 3 illik iş stajına malik olan şəxslərdir. Mediatorlar mediasiya təşkilatlarında fəaliyyət göstərəcəklər və mediasiya sahəsi Mediasiya Şurası tərəfindən tənzimlənəcək və nəzarət edilir. Qeyd edək ki, mediasiya konüllülük prinsipləri əsasında həyata keçirilsə də, tərəflər tərəfindən barışıq sazişi imzalandığı təqdirdə onun icrası tərəflər üçün məcburi xarakter daşıyır. Qanunda qeyd edilmiş digər maraqlı bir məqam isə məhkəmə mediasiyalarıdır. Belə ki, məhkəmə prosesin istənilən mərhələsində işin hallarını nəzərə alaraq öz təşəbbüsü və tərəflərin razılığı ilə, yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Mediasiya proseslərinin tətbiqi nəticəsində gözlənilən ən böyük nəticələrdən biri məhkəmələrdə iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasıdır. Məhkəmələrdə iş yükünün azalması həm də məhkəmə proseslərinin keyfiyyətini də artıracaqdır. Digər qeyd edilməli məsələ isə mediasiya proseslərinin məhkəmə prosesləri ilə müqayisədə qısamüddətli olmasıdır.

Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bildirilib ki,  ""Mediasiya haqqında" qanun  vacib sənəddir. Bu qanun qüvvəyə mindikdən sonra mülki işlər və iqtisadi mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediatorların vasitəçiliyi ilə həll olunacaq. Qanuna əsasən, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır."Qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Bu qanunun qüvvəyə minməsi və mediasiya institutunun yaranması ölkədə məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək və yeni fəaliyyət növü yaradacaq. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçirilir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31