Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır

Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır

Mikayıl Həsənli: "Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb"

Olaylar.az "Hərbi And" qəzetinin əməkdaşı, "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Mikayıl Həsənli ilə olan müsahibəni təqdim edir.

- Azərbaycanda söz və mətbuat azadlığını necə dəyərləndirirsiniz?

- Dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında demokratiyanın əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığı prinsipi müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatına bu gün ölkəmizdə hörmətlə yanaşılır, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Bu gün Azərbaycanda fikir, söz və mətbuat azadlığı kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir.

Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması isə ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Hər zaman Ümummilli Liderimiz müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə də diqqətini əsirgəmədi.1998-ci ildə senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər, imzaladığı sərəncamlarla informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqan və informasiya agentliklərinin, elektron KİV-in, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.

- Bu bir reallıqdır ki, dünyanın heç bir ölkəsində mətbuata dövlətin bu səviyyədə diqqət və qayğısı tendensiyasına rast gəlinmir...

- Doğrudur, bu istiqamətdə Azərbaycan dövlətinin özünəməxsus humanitar siyasəti, öz dəst-xətti var. Təbii ki, Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratik və azad mətbuatın formalaşdırılması idi.

Azərbaycan dövləti mətbuatın cəmiyyətdəki roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.

Bildiyimiz kimi güclü dövlət, onun bütün demokratik institutlarının güclü olması deməkdir. Vətəndaş cəmiyyəti güclü olan dövlətin sütunlarının da güclü olduğu kimi, medianın da azad, müstəqil və rəqabətə davamlı olması eyni məntiqlə xarakterizə edilə bilər. Bu gün milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi həmin sütunların daha da möhkəm olması üçün atılan məqsədyönlü addımlardandır. Bildiyimiz kimi, Azərbaycan hökumətinin KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev dəfələrlə sübut edib ki, dövlətimiz demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirir.

Cənab Prezidentin hələ bir neçə il əvvəl söylədiyi "jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir" fikridir ki, illərdir bu sözə sadiqliyini sübut edir. Son illərdəki müşahidələrimiz onu göstərir ki, Cənab Prezident nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. XXI əsrin siyasi mərkəzlərinin diqqətində olan Azərbaycan Prezidenti dövlətmizin inkişafı və onun idarəedilməsi üçün medianın fəaliyyətini dəstəklədiyini davamlı olaraq nümayiş etdirir. İndi böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır. Bu günün əsas tələbi budur ki, hansı ölkə informasiya bolluğuna malikdirsə, daha güclü, varlı dövlət kimi qəbul olunur və dəyərləndirilir.

- Azərbaycanda söz və fikir azadlığının bugünkü hüquqi təminatı hansı səviyyədədir?

- Bu gün kütləvi informasiya vasitələrinin inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunmuşdur. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoymuşdur. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynamışdır. 

- Bütün bu amillər müasir mediyanın üzərinə hansı vəzifələri qoyur?

- Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bütün bunlar adekvat olaraq ölkə mediasının üzərinə mühüm vəzifələr qoyur. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. İnanırıq ki, mətbuatımız bu vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31