Dilənçilərlə bağlı İsveç qanunu Azərbaycanda da tətbiq oluna bilərmi...
16 Avqust 2019 10:12 Sosialİsveçin Eskilstuna şəhərində dilənçiliklə mübarizənin yeni növü tətbiq olunub. Belə ki, avqustun 1-dən etibarən 70 min əhalisi olan bu şəhərdə dilənçiliklə məşğul olmaq üçün yerli polisdən rəsmi icazə almaq lazımdır. İcazənin məbləği isə 25 avro təşkil edir. Bundan başqa, icazəni alan şəxs İsveç ərazisində leqal şəkildə yaşamalı və İsveç sosial sığorta nömrəsinə malik olmalıdır. Şəhər rəhbərliyinin sözlərinə görə, bu addım dilənçiliyi daha da çətinləşdirmək üçün atılıb.
Qaydaya əsasən, icazə 3 ay ərzində qüvvədə qalır, arzuedənlər onu almaqdan ötrü internet saytına müraciət edə bilərlər. Eyni zamanda lisenziyası olmayan dilənçiləri 4 min İsveç kronunadək (təxminən 370 avro) cərimə gözləyir.
Qeyd edək ki, dilənçilik uzun illər İsveçdə siyasi mübahisələrin mövzusu olub, bəziləri ümummilli qadağaya da səsləyiblər. Ötən ilin fevralında İsveçin cənubundakı Vellinq şəhər şurası birbaşa qadağa üçün səs verib. Lakin bu addım hüquq müdafiəçiləri təşkilatları tərəfindən ciddi tənqidə məruz qalıb və məhkəmə tərəfindən ləğv edilib. Bununla yanaşı, İsveç hökuməti dilənçilikdən gəlir əldə etməyə qadağa qoyan qanunvericiliyi tədqiq edir.
Beləliklə, lisenziyalaşdırılma sxemi kompromisə çevrilib. Lakin təşəbbüsün qüvvəyə minməsi üçün bir ildən artıq hüquqi mübahisələr tələb olunub. Eskilstunanın yerli hakimiyyət orqanları qeyd edirlər ki, bu qanun imkansız və evsiz-eşiksiz insanların hakimiyyət orqanları və sosial xidmətlərlə daha sıx təmasına yardımçı olacaq.

Bu gün dünyanın istənilən ölkəsində dilənçilər var. Hətta ən böyük dövlətlər belə, o cümlədən ABŞ və Avropa dilənçi problemini həll edə bilməyib.
Azərbaycanda da son illərdə dilənçilərinin sayının artdığı müşahidə olunur. Paytaxt Bakıda hər gün küçə və meydanlarda, yeraltı keçidlərdə, avtobuslarda, metro vaqonlarında dilənçilərə rast gəlmək olur. Onların dəqiq sayı barəsində isə rəsmi statistika yoxdur. Hətta qeyri-hökumət təşkilatlarında da dilənçilərin sayı barədə məlumat yoxdur. Onlara qarşı mübarizə tədbirləri isə, demək olar ki, zəif aparılır. Belə ki, polis tərəfindən saxlanılan dilənçilər məntəqəyə aparılaraq şəxsiyyəti müəyyənləşdirilir, daha sonra isə onları öz yaşadıqları yerlərə göndərirlər. Amma məlum məsələdir ki, yaşadığı ərazilərə göndərilən dilənçilər az keçməmiş yenidən paytaxta üz tuturlar. Onların arasında qadın və uşaqlar çoxluq təşkil edir.
Rəsmi məlumata görə, ötən il polis orqanlarına 3000 azyaşlı gətirilib ki, onların da 450-si avaralıq və dilənçiliklə məşğul olanlar olub.
Mütəxəssislər qeyd edir ki, ölkəmizdə dilənçilik probleminin köklü surətdə həll olunması üçün dilənən insanlara fərdi yanaşılmalı, hüquq-mühafizə orqanları bununla bağlı ciddi işlər aparmalıdır. Bir qisim isə bildirir ki, İsveçdə tətbiq olunan qayda ölkəmizdə də qüvvəyə minsə, həm bu problem həllini tapar, həm də dövlət büdcəsinə xeyir vermiş olar.

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "Yeni Müsavat"a danışıb. İqtisadçı qeyd edib ki, İsveçdə dilənçilərlə bağlı verdiyi qərarın Azərbaycanda da tətbiqinə ehtiyac yoxdur:
"Öncə onu qeyd edim ki, İsveçin yalnız bir şəhərində şəhər merinin qərarı ilə belə bir eksperiment aparılıb. Yəni qanun bütün İsveç ərazisinə əhatə etmir. Bu qərarın da verilməsində əsas məqsəd qeydiyyat aparmaqdır. Yəni məsələnin kökündə vergi amil deyil, sosial ehtiyacı olan vətəndaşların qeydiyyatını aparmaq durur.
Azərbaycana gəldikdə, bu qanunun tətbiqinə, ümumiyyətlə, ehtiyac yoxdur. Əslində çalışmalıyıq ki, elə bir sosial vəziyyət yaransın ki, insanların dilənçilik etməsinə ehtiyac qalmasın.
Ümumiyyətlə, ölkəmizdə sosial müdafiənin gücləndirilməsi üçün ciddi addımlar atılmasına ehtiyac var. Bu, çox ciddi bir məsələdir. Belə bir vergi sisteminin tətbiqinə şəxsən mən əleyhinəyəm. Amma ümumilikdə sosial ehtiyacı olan insanları yenidən siyahıya almaq, onlarla iş aparmağa ehtiyac var".

Hüquq müdafiəçisi Əlövsət Allahverdiyev isə mövzuya bu cür şərh verib: "İsveçin verdiyi qərarın ölkəmizdə də tətbiq edilməsi yolverilməzdir. Kim düşünürsə ki, qanun qəbul etmək, vergi tətbiq etməklə bu məsələni həll etmək olar, bu, yanlışdır. Əksinə, bu cür qərar vəziyyətdən sui-istifadələrin sayının artmasına səbəb olacaq, kimlərsə pul qazanmağa çalışacaq və sairə, amma dilənçiliyin qarşısı alınmayacaq. Belə bir qərar olarsa, bir çoxları düşünəcək ki, vergini ödəməklə daha rahat yolla, dilənçiliklə pul qazanacaq. Təsəvvür edin, onda nə baş verəcək? Bu, işsizlər ordusunun yaranmasına, cəmiyyətin mənəvi həyatının pozulmasına gətirib çıxaracaq. Belə olan halda həm dilənçiliyin, həm oğurluğun sayı artmış olacaq. Yəni düşünmürəm ki, bu qanun, cəmiyyətimiz üçün faydalı olsun.

Ümumilikdə isə ölkəmizdə dilənçilər qanunvericiliyə əsasən cəzalandırılır. Məsələn, onlara cərimə tətbiq edilir, inzibati cəzalar verilir, bir neçə sutka azadlıqdan məhrum edilir. Lakin gördüyünüz kimi, bu cür qayda və yaxud cəzanı sərtləşdirməklə dilənçiliyin qarşısını almaq mümkün olmur.
Bəzən eşidirik ki, dilənçilərin arxasında ciddi vəzifəli şəxslər dayanır. Yəni bu məsələni tam həll etmək mümkün deyil. Dünyanın hansı ölkəsinə getsək, bu cür dilənçilərlə rastlaşarıq.
Dilənçiliyə qarşı formal olaraq deyil, daha ciddi tədbirlər həyata keçirmək lazımdır. Bu cür şəxslər görsə ki, onlara qarşı ciddi mübarizə aparılır, cəzalar var, əlbəttə ki, bu cür halların sayı azalmış olar".