Saqqalı fosforlu qoca... -Elçin Hüseynbəyli yazır

Saqqalı fosforlu qoca...-Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

("Paralel dünyalar" silsiləsindən...)

...Xilaskarı etibarlı adama təhvil verib qaçanda arxamca sapand atdılar, sapand kürəyimdən dəydi, üzü üstə yerə yıxıldım və huşumu itirdim. Ğzümə gələndə yan-yörəmə baxdım...

Məni yarımqaranlıq bir otağa salmışdılar. Görünr, bura saxlama kamerasıydı. Gözüm otağın ab-havasına öyrəşəndən sonra küncdə nurani, ağ saqqallı bir adam gördüm. Saqqalına, sanki fosfor sürtmüşdülər, qaranlıqda işıq saçırdı və  deyəsən, mürgüləyirdi. Çünki oyandığımdan xəbər tutmadı. Halbuki bir neçə dəfə o tərəf-bu tərəfə aşmışdım, altımdakı saman döşək xışıldamışdı. Bəlkə də qəsdən belə eləyirdi, yəni özünü görməzliyə, bilməzliyə vururdu.

Özümdən asılı olmayaraq bir küncə çəkilib oturdum, kürəyimi soyuq divara söykədim, sonra yerdən bir xışma küləş götürüb kürəyimə qoydum.

Kamera yoldaşım huşdan ayıldı, mənə baxdı, gülümsündü. Belə başa düşdüm ki, o, qulaq yoldaşı tapdığına görə sevinir.

-Sənin neçə yaşın var? -deyə gözlərini qıyaraq soruşdu. Mənim duruxduğumu görüb, -gözlərim yaxşı görmür, ona görə soruşdum, - əlavə elədi.

-Az yaşım yoxdu, - deyə mən konkretlikdən yayındım. Xırda pauzdan sonra, - çoxdan burdasan? -deyə soruşdum.

O bir qədər susdu. Üzündə qəribə təbəssüm yarandı və dedi:

-Özümü tanıyandan...

...?

-Adam özünü tanıyandan sonra ətrafı dərk eləməyə çalışır, həyat yolunu, istiqamətlərini müəyyən edir, amma heç zaman o istədiyi olmur, -deyə aramla, filosofsayağı izahat verməyə başladı.

Bu zaman kameranın dəmir qapısı şaqqıltıyla açıldı. Səfehə oxşayan bir adam öz-özü ilə danışa-danışa içəri girdi, əlindəki çəlləyi yerə qoydu, torbadan plasmas qablar çıxardı. Onlara horraya oxşar nəsə tökdü:

-Gəlin zəhərlənin! - cırıltılı səslə dedi və çıxdı.

Mən qapının şaqqıltısından da, səfeh aşpazın cır səsindən də diksindim, amma kamera yoldaşımın vecinə də olmadı, ayağa durdu və qabların ikisini də götürüb küncdəki dolabın üstünə qoydu. Özü dediyi kimi gözləri yaxşı görməsə də, vərdişlərini unutmamışdı.

-Nahar vaxtıdı, yemək lazımdı. Adam ac olanda yaxşı düşünə bilmir.

Mənim iştahım yox idi. Ona görə də:

-Hələ yemək istəmirəm, -dedim.

-Mən öyrəşmişəm. Mədəm də öyrəşib. Ona görə də yemək zamanı gələndə simfoniya çalır, - kamera yoldaşım dedi və qabdakı horranı plasmas qaşıqla mədəsinə ötürdü...

-O, yeyib qurtarandan sonra adımı soruşdu. Ondan soruşanda isə:

-Mənim adım çoxdu,  hansını deyim?

-İlk adını.

-İnqilab, -deyə cavab verdi.

-İnqilab? Bəs o birisi?

-Qiyam! -Gözləri parıldadı.- Yəqin elə adıma görə də məni oğurladılar... Hə, oğurladılar, -deyə təkrar elədi. Xırdaca pauzadan sonra. -Mən   Cümə Hərəkatının ilk üzvlərindənəm, -dedi.

-Niyə oğurladılar ki?

-Çox şey bilirdim, ona görə. Bilirdim ki, bütün qırğınları KQB törədib.

-Onu hamı bilirdi ki! -deyə təəccübləndim.

-Amma mən onun iştirakçısıydım, -dedi.

Onun bu etirafından qorxdum və sadəcə mızıldandım:

-Hm...

Və burnuma pis qoxu vurdu və mənə elə gəldi ki, otaqda nəsə iylənib. Bəlkə də həmin pis qoxu onun ağzından, danışdıqlarından gəlirdi. Əslində bütün bunlar mənimçün təzə xəbər deyildi. Satqınlar həmişə və hər yerdə var. O danışırdı, nəsə qırıldadırdı. Amma mən onu yaxşı eşitmirdim. Sanki o, bunu duydu və danışığına ara verib:

-Öyrəşəsdən, -dedi, - hələ bir azdan siçovullar da bizə qonaq gələcəklər. At tövləsində yaxşıca bəsləniblər.

Nəyi nəzərdə tutduğunu anlamadım: onun danışıqlarınamı, etiraflarınamı öyrəşəcəkdim, ətrafdakı pis qoxuyamı, yoxsa yeməyəmi? Amma bunların heç birini soruşmadım və təəccüblə xəbər aldım:

-Burda at tövləsi də var?

-Var, dostum, var. Vaxtı gələndə onları da görəsdən.

Birdən anladım ki, pis qoxu yeməkdən gəlir. İyrəndim, ürəyim bulandı, ağzıma qara su axdı.

Çöldən qəribə səslər gəlirdi, Sanki it boğuşdururdular.

Hər ikimiz susurduq. Mən dinşəyir, o isə zikr edirdi...

...Axşam yatmazdan əvvəl o, mənə noxud boyda yumru bir şey verdi.

-At bunu, rahat yat, -dedi.

-Bu nədi belə?

-Bu, səni istəyinə aparan yoldu.

Sən demə, mənim atdığım xəşiş imiş. Mən bunu sonralar bildim. O, sındırılmış adam idi və Onlar mənim əlimlə nələrəsə çatmaq istəyirlərmiş.  Qarabasmalar və sayıqlamalar adamı ələ verən vasitələrdən biridi...

Avqusutun ortası, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31