İdxal məhsulların qiymətinin dəyişməsi ölkə bazarına təsirsiz ötüşmür

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət ilk növbədə əhalinin rifah halının yüksəlməsinə hədəflənib. Bu sahədə əhalinin alıcılıq qabiliyyətinin artırılması prioritet təşkil edilir. Daxili bazarın qorunması, infilyasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər qiymətlərin nizamlanmasında əhəmiyyətli rol oynayır. Etiraf edilməlidir ki, Azərbaycan hökuməti qiymətlərin stabil saxlanması istiqamətində kifayət qədər stimullaşdırıcı tədbirlər həyata keçirir. Sahibkarlara güzəştli kreditlər təklif olunur, vergi yükü əhəmiyyətlə dərəcədə azaldılır. Elə prezident İlham Əliyev də dəfələrlə öz çıxışında süni qiymət artımının yoveriməz olduğunu qeyd edib. Belə ki, iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı deyib ki, süni qiymət artımına yol vermək olmaz: "Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır". Qətiyyətlə demək olar ki, süni qiymət artımı probleminin prezident tərəfindən qaldırılması müsbət haldır və bunun gələcəkdə müsbət nəticələrini görmək mümkündür. Lakin aparılan təhlillər deməyə əsas verir ki, qiymət artımı heç də süni amillərlə bağlı deyil, bunun obyektiv səbəbləri də vardır. Bu ilk növbədə idxal olunan məhsulların dünya bazarında qiymətinin artması ilə bağlıdır. Məlumdur ki, ərzaq təhlükəsizliyinin qarşısını almaq və iqtisadiyyatın dayanıqlığını təmin etmək məqsədilə ölkəyə kifayət qədər texnoloji avadanlıq, gübrə və sair gətirilir. Heç şübhəsiz ki, dünya bazarında onların qiymətində baş verən dəyişiklik Azərbaycanda istehsal prosesinə də öz təsirini göstərir. Etiraf edilməlidir ki, son illər Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı böyük işlər görülüb. Kənd təsərrüfatının ayrı-ayrı sahələri inkişaf edir, meliorativ tədbirlər həyata keçirilir, su təchizatı yaxşılaşdırılır, istixanalar, anbarlar yaradılır, istifadəyə verilmiş gübrə zavodu daxili bazarın bir qisminin ehtiyaclarını ödəyir. Bunun sayəsində ciddi məhsul artımı müşahidə olunur. Ölkəmizdə istehsal olunan məhsullar yüksək keyfiyyətə malik olduğuna görə xaricdə ona tələbat artır və daha çox məhsul ixrac olunur. Bu, ölkəmizin ixrac potensialını yüksəldir, fermerlərin daha çox qazanc əldə etməsinə səbəb olur. Belə halda süni qiymət artımına qətiyyən ehtiyac qalmır. Lakin buna baxmayaraq, ölkədə süni şəkildə qiymətlərin artırılmasına cəhd edən "işbazlar" yox deyil. Sahibkarlara qarşı aparılan yoxlamalar aradan qaldırıldıqdan sonra bu qüvvələr bir az da fəallaşıblar. Ekspertlər hesab edirlər ki, belə halların qarısının alınması istiqamətində maarifləndirici və inzibati tədbirlərin görülməsinə ehtiyac var. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu problemin qaldırılması müsbət hal olduğuna görə məsələnin həlli ilə bağlı nəticə olaraq müəyyən addımların atılmasına ehtiyac var. Yəni həm "rəqabətli mühit"in gücləndirilməsi ilə bağlı işlər görülməlidir, həm də süni qiymət artımını yaradan səbəblərin tapılaraq aradan qaldırması yönündə işlər görülməlidir. Ekspert hesab edir ki, süni qiymət artımının qarşısını almaqdan ötrü nağdsız ödənişlərin artırılması üçün əhalini stimullaşdıran tədbirlər görülməlidir. Lakin reallıq ondan ibarətdir ki, ölkədə kənd təsərrüfatı sahəsi inkişaf etdikcə qiymətlərin stabil saxlanması mümkün olacaq. Çünki bunun üçün kifayət qədər iqtisadi potensial mövcuddur. Alim. Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31