Xəzərə düşən MİQ-29-un pilotunun qaynatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
9 Avqust 2019 15:02 SosialGecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazinin yerinin müəyyənləşməsi məlumatını MİQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qaynatası Qabil Hüseynli də təsdiqləyib.
O, BAKU.WS-ə açıqlamasında deyib ki, özü də axtarış yerinə dəvət olunub: "Xəbər almışıq, hadisə yerinə gedirik. Ətraflı məlumata malik deyiləm. Yəqin ki, nəsə var ki, çağırıblar. Məni Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının rəsmisi Siyəzən rayonunun Zarat kəndinin ətrafında qurulmuş axtarış mərkəzinə dəvət ediblər".
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda deyilir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.