Azərbaycanda fikir, söz, məlumat azadlığı tam təmin olunub
Azərbaycanda fikir, söz, məlumat azadlığı tam təmin olunub
7 Avqust 2019 12:45 SosialCavid Şahverdiyev: "Ölkəmizdə fikir, söz və məlumat azadlığı elə bir səviyyədədir ki, heç kim bu sahədə problemin olduğunu iddia edə bilməz"
Bir əsr yarıma yaxın yaşı olan Azərbaycan mətbuatı günümüzə qədər bir çox mərhələlər, dövrlərdən keçib. Ötən 144 il ərzində milli mətbuatımızın zirvələrdə olan zamanı da olub, onun təzyiqlər, basqılarla qarşılaşdığı vaxtlar da. Ancaq bütün bu çətinliklər, məhrumiyyətlər, təzyiq və basqılara rəğmən Azərbaycan mətbuatı günümüzə qədər gəlib çıxa bilib və bu gün də uğurla inkişaf edir. Bəs Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin bu günkü inkişafının təməlində, əsasında nə dayanır? Daha dəqiq desək bu inkişafı şərtləndirən başlıca amli nədir? Elə bu və ya digər suallarla bağlı da Avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyevə müraciət etdik.
-Cavid bəy, Azərbaycan mediası, kütləvi informasiya vasitələrinin bu günkü inkişaf səviyyəsini, durumunu şərtləndirən başlıca amillər hansılardır?
-Əvvəla onu qeyd etmək istərdim ki, hər bir sahənin inkişaf etdirilməsi, həmin sahədə tərəqqiyə nail olunması üçün ilk növbədə o sahəyə dövlət qayğısı, diqqət olmalıdır. Dövlət qayğısı, diqqətinin olmadığı hər hansı bir sahənin inkişafından, tərəqqisindən danışmaq yersizdir. Əgər günümüzdə Azərbaycanda inkişaf dövrünü yaşayan ayrı-ayrı istiqamətlər, istər iqtisadi, istər sosial, istərsə də humanitar və digər sahələrə diqqət yetirsək, görərik ki, hər bir sahənin inkişafının təməlində, ana bazasında məhz dövlət qayğısı, diqqət dayanır. Bu diqqət və qayğının mərkəz rolunu isə heç şübhəsiz ki, dövlət başçısı, ölkə rəhbəri oynayır. Qeyd etdiyimiz kimi, Azərbaycanda hər bir sahədə olduğu kimi media, mətbuat sahəsində də inkişaf, tərəqqi mövcuddur. Mətbuatımızın bu günkü durumu, əldə etdiyi nailiyyətlər, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki uğurlu fəaliyyəti belə deməyə əsas verir. Mediamıza, kütləvi informasiya vasitələrinə göstərilən diqqət və qayğı onun maddi texniki bazasının gücləndirilməsindən tutmuş, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılmasına qədər ən incə məqamları əhatə edir. Bildiyimiz kimi hər il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində ölkədə nəşr olunan kütləvi informasiya vasitələrinə birdəfəlik yardım ayırır. Həmin maliyyə vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnormasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Azərbaycanda nəşr olunan kütləvi informasiya vasitələri, qəzetlər arasında balans qorunmaqla tənzimlənir. Dövlət başçısının hər il ayırmış olduğu həmin maliyyə vəsaiti təbii ki, ölkədə nəşr olunan kütləvi informasiya vasitələrinin maddi tezniki bazasının gücləndirilməsi, ayrı-ayrı media qurum və quruluşlarının fəaliyyətinin daha da təkmiləşdirilməsinə xidmət edir. Yuxarıda qeyd etdiyimiz kimi dövlətin, şəxsən dövlət başçısı Cənab İlham Əliyevin media, kütləvi informasiya vasitələrinə, onların inkişafına, eləcə də bu sahədə çalışan həmkarlarımızın sosial-mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən addımlarından biri də media nümayəndələri üçün yaşayış binalarının tikintisidir. Artıq məlum olduğu kimi bu günə qədər jurnalistlər üçün iki yaşayış binası tikilib istifadəyə verilib. Paytaxtın Səbail rayonu, Bibi Heybət qəsəbəsi ərazisində tikilən həmin yaşayış binası tam təmirli, heç bir ödəniş, qarşılıq olmadan jurnalistlərin ixtiyarına verilib. Qeyd edim ki, ilk yaşayış binası 2013-cü ildə, Cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 156 mənzilli binanın açılış mərasimi zamanı dövlət başçısı tərəfindən ikinci yaşayış binasının da təməli qoyuldu və həmin bina da 2017-ci ildə, elə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Bu prosesin davamı olaraq 2017-ci ildə dövlət başçısı jurnalistlər üçün daha bir yaşayış binasının təməlini qoydu və bildiyiniz kimi gələn il, yəni 2020-ci ildə, Milli Mətbuatın yaranmasının 145 illiyində həmkarlarımızın ixtiyarına veriləcək. Göründüyü kimi, dünyada anoloqu olmayan bu proses öz-özlüyündə dövlətin media, kütləvi informasiya vasitələrinə olan diqqət və qayğısının məntiqi nəticəsidir. Bu həm də Azərbaycan dövləti və dövlət başçısının fikir, söz və məlumat azadlığına verdiyi dəyərin, ayırdığı diqqətin göstəricisidir.
-Siz də bir media qurumunun rəhbərisiniz və istər-istəməz cəmiyyətin məlumatlandırılması, ölkədə baş verən proseslər barədə xalqın bilgiləndirilməsi prosesində iştirak edirsiniz. Bu baxımdan siz ölkədə fikir və söz azadlığını necə dəyərləndirirsiniz və bir media qurumunun rəhbəri kimi bu sahədə hansısa neqativ hal, problemlə qarşılaşmısınızmı?
-Birmənalı olaraq deyə bilərəm ki, yox. Azərbaycanda fikir, söz, məlumat azadlığının pozulduğu, medianın normal fəaliyyətinə heç bir şəraitin yaradılmadığı barədə deyilənlərlə qətiyyən razılaşmıram. Bu gün ölkəmizdə fikir, söz və məlumat azadlığı elə bir səviyyədədir ki, heç kim bu sahədə problemin olduğunu iddia edə bilməz. Yalnız qərəzli olan şəxslər, Azərbaycanın uğurunu istəməyən, onun nüfuzuna zərbə vurmaq istəyənlər belə bir fikir söyləyə bilərlər. Günümüzdə Azərbaycanda fikir, söz və məlumat azadlığının durumu elə bir səviyyədədir ki, hətta dünyanın aparıcı ölkələrindən, demokratiya beşiyi sayılan dövlətlərdən belə üstün durumdadır. Belə bir iddia ilə çıxış etmək üçün nəsə kəşf etməyə ehtiyac yoxdur. Mövcud vəziyyətə, duruma diqqət etmək kifayətdir. Bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir ki, onların içərisində həm iqtidaryönlü, həm də müxalifətmeyilli kütləvi informasiya vasitələri var. Eyni zamanda müstəqil media qurum və quruluşları mövcuddur. Onların hər biri də dövlətin mediaya yönəlik diqqət və qayğısından yararlana bilirlər. Elə jurnalistlər üçün tikilmiş yaşayış binasında bütün sferalardan, həm iqtidar, həm də müxalifədən olan mətbuat nümayəndələrinin də evlə təmin olunması bunun əyani sübutudur. Eləcə də 2009-cu ildən ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yazı müsabiqələrində hər bir media qurumundan nümayəndənin qaliblər sırasında yer alması deyilənlərin əyani göstəricisidir. Fondun kütləvi informasiya vasitələri arasında elan etdiyi müsabiqədə də KİV-lər arasında heç bir fərq qoyulmur və hər bir media qurumunun layihəsi maliyyələşdirilir.
-Ümumiyyətlə, müstəqil Azərbaycan Respublikasında medianın inkişaf tendensiyasını necə xarakterizə edərdiniz?
-Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra hər bir sahədə olduğu kimi media sahəsində də çoxsaylı problemlər mövcud idi. Ölkədə yalnız hakimiyyət mediası və müxalifət mətbuatı mövcud idi. Müstəqil mətbuatdan isə ümumiyyətlə əsər-əlamət yox idi. Həmçinin ölkədə sovetlərin zamanından mövcud olan senzura Azərbaycanda mətbuatın inkişafına mənfi təsir göstərir, onun inkişafdan saxlayırdı. Lakin ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra media sahəsində mövcud olan problemlər aradan qaldırılmağa başlandı. Ümummilli lider Heydər Əliyevin bu sahədə ən böyük və ciddi addımı 1998-ci ildə senzuranın ləğv edilməsi haqqında fərman imzalaması oldu. Keçmiş Sovetlər zamanında ilk dəfə Azərbaycanda atılmış bu addım həmin vaxt dünyada böyük əks-səda doğurdu və Azərbaycanın atmış olduğu bu addım fikir, söz, məlumat azadlığının təmin edilməsi istiqamətində atılan ciddi addımlardan biri kimi dəyərləndirildi. Sonrakı illərdə də ölkədə medianın inkişafı, fikir, söz və məlumat azadlığının təmin edilməsi, ən əsası kütləvi informasiya vasitələrinin inkişıaf etdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində sistemli və davamlı addımlar atıldı. Ölkədə nəşr olunan kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının müəyyən müddətə dondurulması, sonradan tamamilə bağışlanması, ölkədə qəzet təsis etmək üçün olan bəzi prosedur qaydaların asanlaşdırılması, eləcə də qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bütün bunların əyani sübutu idi. Elə buna görə də müstəqilliyin ilk illərindən, daha doğrusu Heydər Əliyev hakimiyyətə qayıdandan az bir müddət sonra Azərbaycanda medianın, kütləvi informasiya vasitələrinin durumu yaxşılaşmağa başladı və bu müsbət tendensiya beynəlxalq təşkilat və qurumların hazırladıqları hesabatlarda da öz əksini tapdı. Sevindirici hal ondan ibarətdir ki, günümüzdə də bu müsbət tendensiya davam edir və ölkədə fikir, söz, məlumat azadlığının təmin edilməsi üçün bütün imkanlar yaradılıb. Yüzlərlə yazılı media ilə yanaşı elektron kütləvi informasiya vasitələrinin mövcudluğu, onlarla televiziya kanalının fəaliyyət göstərməsi, hər kəsin öz fikrini, mövqeyini azad və müstəqil şəkildə istənilən media qurumunda ifadə edə bilməsi Azərbaycanda fikir, söz və məlumat azadlığının səviyyəsini, durumunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir