Kənd Təsərrüfatı Nazirliyi təlimlərə başlayıb
Kənd Təsərrüfatı Nazirliyi təlimlərə başlayıb
6 Avqust 2019 13:35 SosialKənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydaların tətbiq edilməsi ilə bağlı təlimlərə başlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi təlimlərdə 60 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri və nazirliyin müvafiq şöbələrinin əməkdaşları iştirak edəcək. 9 gün keçiriləcək təlimlərə 200 mütəxəssis qatılacaq. "Təlimçilərin təlimi" kimi hazırlanan bu mütəxəssislər həm öz çalışdıqları, həm də fermerlərə subsidiyaların verilməsi ilə əlaqəli olan digər qurumların əməkdaşlarının yeni mexanizmlə bağlı məlumatlandırılmasını təmin edəcəklər.
"Təlimləri keçirməkdə əsas məqsədimiz fermerlərlə birbaşa ünsiyyətdə olan əməkdaşların subsidiyaların ödənilməsi üzrə yeni qaydalarla tam məlumatlılığını təmin etməkdir. Bizim hər bir əməkdaşımız yerlərdə fermerlərin yeni subsidiya qaydaları ilə bağlı bütün suallarını cavablandıra bilməlidir" - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.