Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Qurban bayramı münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. "OLAYLAR"-a Dövlət Aqrar Ticarət Şirkətindən bildirilib ki, sosial dəstək mahiyyəti daşıyan "Kənddən Şəhərə" yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.  

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. "Kənddən Şəhərə" satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.

Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar "Kənddən Şəhərə" saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində online şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə "Aqrar Tədarük və Təchizat" ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31