Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərə bilməsi üçün bütün zəruri imkanları yaradıb

Tural Nəbiyev: "Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər"

"144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Azərbaycan dövləti mətbuatın cəmiyyətdəki roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib." Bu fikirləri Olaylar.az -a Horadiz şəhər bələdiyyəsi və Füzuli bələdiyyələr şurasının sədri Tural Nəbiyev bildirib.

Mətbuat ilk növbədə, intellektual sfera olduğu üçün heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçünsə, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsinin vacibliyini qeyd edən Tural Nəbiyev bildirir ki, əgər hər hansı bir sosium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir:  "Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkanverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosium idi.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövründə mətbuatımız fəaliyyətini davam etdirdi. Cümhuriyyətin süqutundan, bolşevik işğalından sonra isə mətbuatımız məcburən sovet ideologiyasına xidmət etməyə başladı. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin, bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də elə sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı."

Tural Nəbiyev bildirir ki, Sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində Heydər Əliyev erası mühüm bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu: "1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili Ulu öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfüqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.

Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.

Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat belə mühüm tarixi keçiddən sonra demokratiyanı və milli düşüncəni mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi. 1993-cü ilin əvvəllərində AXC-"Müsavat" hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu, mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisi olmuşdur."

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu islahatların son 15 ildən artıq bir dövürdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bildiyini bildirən Tural Nəbiyev qeyd edir ki, prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb: "Dövlətimizin başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Qəzetlərin 2001-ci il dekabrın 31-dək olan "Azərbaycan" nəşriyyatına olan 398 min manat məbləğində borcunun dövlət büdcəsindən ödənilməsi, 2005-ci, 2010-cu, 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin təcəssümüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyir ki, mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.

Azərbaycan Respublikasının  Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31