Müstəqilliyin ilk illərində Azərbaycanda fikir, söz azadlığı
Müstəqilliyin ilk illərində Azərbaycanda fikir, söz azadlığı
2 Avqust 2019 15:04 SosialAzərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra qarşısında bir sıra mühüm vəzifələr dayanırdı. Bu vəzifələr sırasında ölkədə siyasi sabitliyi bərpa etmək və siyasi cəhətdən inkişafa nail olmaq, iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində addımlar atmaq, ölkənin beynəlxalq aləm, dünya dövlətləri arasında nüfuzunu bərqərar etmək və dünya birliyində öz layiqli yerini tutmaq və. s yer alırdı. Düzdür, bütün bunları reallaşdırmaq, həyata keçirmək qısa zamanda mümkün deyildi. Çünki hər bir yenicə müstəqillik əldə etmiş respublika kimi Azərbaycan da çoxsaylı problemlər, sıxıntılarla üz-üzə idi. Digər tərəfdən hələ də Azərbaycanın müstəqilliyinə son qoymaq, onu yenidən əsarət altına almaq kimi planlar qüvvədə idi və imkan düşdükcə həmin planları reallaşdırmaq üçün cəhdlər edilirdi. Bütün bunlara baxmayaraq Azərbaycan qarşısında duran maneələri dəf etməyi, onları aradan qaldırmağı bacardı.
Müstəqil ölkənin təkcə siyasi, iqtisadi cəhətdən deyil, media sahəsində də inkişafı zəruri, vacib idi. Ona görə də media sahəsində ciddi işlərin görülməsinə ehtiyac vardı. Çünki cəmiyyət, daxili vı xarici auditoriya məhz media, kütləvi informasiya vasitələri ilə ölkədə baş verən bu və ya digər proseslərdən məlumatlı olur, onu dəyərləndirə bilirdi. Digər tərəfdən müstəqilliyin ilk illərində ölkədə ictimai-siyasi vəziyyətin ağır olması, Qarabağda gedən gərgin döyüşlər xarici kütləvi informasiya vasitələrinin Azərbaycana marağını artırsa da, lakin hər adam həyatını riskə atıb Azərbaycana gəlmirdi. Çünki həmin illərdə ölüm təhlükəsi yalnız ön xəttə, Azərbaycan-Ermənistan təmas xəttində deyildi. Eyni zamanda arxa cəbhədə, hətta paytaxtda belə hər an arzulamadığın halda silahlı qarşıdurmanın, qeyri-qanuni silahlı birləşmələrin mübahisələrinin qeyri-iştirakçısı kimi qurbanlardan birinə çevrilə bilərdin. Ona görə də həmin illərdə Azərbaycanın xarici media, kütləvi informasiya vasitələrinə çıxışı çox aşağı səviyyədə, demək olar ki, yox dərəcəsində idi. Beynəlxalq aləm, dünya birliyi, xarici kütləvi informasiya vasitələri Azərbaycan barədə məlumatları ya ölkə daxilində fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrindən, hakimiyyət və yaxud müxalifət meyilli qəzetlərdən, ya da qonşu Gürcüstan, yaxud Rusiya mediasından əldə edirdilər. Həmin məlumatlar da bir qayda olaraq birtərəfli olurdu. Hakimiyyət özünə maraqlı olan məlumatları xarici mediaya ötürür, müxalifət isə hakimiyyətə, o zamankı iqtidara zidd olan, əsasən də qərəzli, əsassız informasiyaları ixrac edirdi. Həmin illərdə ölkədə müstəqil kütləvi informasiya vasitələrinin olmaması bir qayda olaraq Azərbaycan barədə məlumatların tam, dolğun və əhatəli şəkildə beynəlxalq aləmə, xarici mətbu orqanlara çatdırılmasında problemlər yaradırdı. Bir başqa problem isə həmin dövrdə hələ də senzuranın qalması idi. Bu amil də Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına mənfi təsir göstərən amillərdən sayılırdı. Bu arzu edilməyən proses, tendensiya 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin əvəllərindən ölkədə cərəyan edən proseslər, mərkəzi hakimiyyətdən, AXC-Müsavat cütlüyündən artan narazılıq, sosial problemlərin kəskin xarakter alması Azərbaycanda kütləvi etirazlara səbəb oldu. Beləliklə, 1993-cü ilin iyun ayında Azərbaycan vətəndaş qarşıdurması həddinə gəlib çatdı.
Hər zaman çətin vəziyyətlərdə, dövlətin, dövlətçiliyin ağır zamanında xalqın ümid yeri olan Heydər Əliyev bu dəfə də xalqın səsinə səs verdi. Beləliklə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa zamanda ölkədə yaranmış gərginliyi, vətəndaş qarşıdurmasını aradan qaldırmağa müvəffəq oldu. Ölkədə nisbi siyasi sabitliyə nail olan ümummilli liderin qarşısında duran növbəti hədəf bu sabitliyi davamlı etməklə yanaşı, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu dünyaya çatdırmaq idi. Keçmiş SSRİ zamanında müxtəlif vəzifələrdə çalışmış Heydər Əliyev bu mənada gözəl dərk edirdi ki, bir ölkəni dünyaya, beynəlxalq aləmə tanıtmaq, onun əldə etdiyi uğurları təlqin, təbliğ etmək üçün kütləvi informasiya vasitələrinin rolu danılmazdır, əvəzsizdir. Ona görə də Heydər Əliyev elə ilk günlərdən kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq etməyə, onlarla işləməyə başladı. Çünki Heydər Əliyev istər Azərbaycan SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi işləyən zaman, istərsə də Moskvada çalışdığı illərdə media, kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edir, onlara daim açıq olurdu. Təsadüfi deyil ki, həmin illərdə Heydər Əliyev mediaya ən açıq sovet rəhbərlərindən biri kimi tanınırdı. Ümummilli lider istər Kommunist Partiyasının Mərkəzi Komitəsinin iclaslarını, istərsə də digər mühüm tədbirləri məhz medianın, kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirirdi ki, ölkədə, ölkə həyatında baş verən hadisələr barədə cəmiyyət ətraflı və aydın şəkildı məlumatlı olsun. Həmçinin Heydər Əliyev həmin illərdə dövrü mətbuatı yaxından izləyərək qəzet və jurnallarda əksini tapan sosial sahədə baş verən problemlərin qısa zamanda araşdırılması, onların həll olunmasında ciddi şəkildə maralı görünürdü. Elə bu mövqeyi, kütləvi informasiya vasitələrinə olan münasibətini Heydər Əıiyev 90-cı illərin əvvəllərində ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra da davam etdirdi. Təsadüfi deyil ki, ümummilli lider Bakıya qayıtdıqdan dərhal sonra Gəncədə baş qaldırmaqda olan vətəndaş qarşıdurması, ümumilikdə Gəncədə nəyin baş verdiyini, xalqın nə istədiyini öyrənmək üçün ilk olaraq məhz bu şəhərə səfər etdi. Baxmayaraq ki, həmin dövrdə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını əksər siyasi qüvvələr istəmirdi. Və belə bir situasiyada, yəni Gəncədə Heydər Əliyevin həyatına sui-qəsd edilməsi mümkünlüyü vardı. Lakin ümummilli lider bu riski göz altına alaraq Gəncə şəhərinə getməyə üstünlük verdi və orada baş verən proselərlə yaxından tanış oldu. Ümummili liderin həmin səfərə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə getməsi Heydər Əliyevin media, kütləvi informasiya vasitələrinə nə dərəcədə önəm verdiyini göstərirdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevi həmin səfər zamanı bir sıra xarici media, televiziya və agnetliklər də müşahidə edirdi ki, bu da həm ümummili liderin mətbuata olan diqqət və qayğısından, həm də mediaya, kütləvi informasiya vasitələrinə işləmək üçün yaradılan şəraitdən asılı idi. Digər tərəfdən Heydər Əliyev məhz kütləvi informasiya vasitələri yolu ilə ölkədə baş verənlərin əsl mahiyyətinin cəmiyyətə, eləcə də beyəlxalq aləmə çatdırılmasını məqbul hesab edirdi.
Elə Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra atdığı ilk addımlardan biri media ilə işin sürətləndirilməsi, kütləvi informasiya vasitələrinə azad, müstəqil ölkənin prinsiplərinə uyğun olaraq elə azad və müstəqil şəkildə fəaliyyət göstərmək üçün şəraitin yaradılması oldu. Bu baxımdan sovet dövründən qalan və mətbuat üzərində nəzarət mexanizmi daşıyan senzuranın ləğvi mühüm əhəmiyyət kəsb edirdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin 1998-ci il, 6 avqust fərmanı ilə Azərbaycanda senzura ləğv edildi. Həmin dövrdə belə bir addımın atılması həqiqətən də diqqətçəkici idi. Belə ki, Azərbaycan müstəqil, eləcə də keçmiş müttəfiq respublikaları arasında ilk ölkə idi ki, senzuranı ləğv edirdi. Rəsmi Bakı tərəfindən atılan bu addım birmənalı olaraq həm daxildə, həm də beynəlxalq aləmdə, dünya birliyində, eləcə də müvafiq beynəlxalq təşkilatlarda çox müsbət qarşılandı. Ümummili lider Heydər Əliyevin senzuranın ləğvi barədə imzaladığı fərman beynəlxalq media qurum və təşkilatları, eləcə də dünya dövlətləri tərəfindən Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan önəmli addım kimi səciyyələndirilirdi.
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanda müstəqil media qurum və quruluşlarının, kütləvi informasiya vasitələrinin yaranması, formalaşmasına da ciddi təkan verdi. O zamana qədər demək olar ki, Azərbaycanda müstəqil media quruluşları yox idi. Yalnız 1992-ci ildən işıq üzü görən "525-ci qəzet" vardı ki, həmin mətbu orqanın da müntəzəm fəaliyyət göstərməsi üçün istənilən imkanlar yox idi. Bir sözlə ölkədə yalnız hakimiyyət və müxalifətmeyilli mətbu orqanlar mövcud idi. Heydər Əliyevin hakimiyyətə qayıdşından sonra isə müstəqil mətbu orqanların yaradılması, təsis edilməsi işi sürətləndi. Ümummilli lider Heydər Əliyevin azad media, fikir, söz azadlığına verdiyi qiymət, bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, 1995-ci ildə "OLAYLAR", "Ekspress", 1996-cı ildə "Şərq", 1999-cu ildə isə "Paritet" kimi müstəqil qəzetlər təsis edildi. Bütün bunlar öz növbəsində müstəqilliyin ilk illərində Azərbaycanda fikir, söz, məlumat azadlığının inkişaf etdiyinin göstəricisi idi.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir