Böyük Kişilərin əməlləri və ruhları qarşısında təzimlə..."

Solmaz Rüstəmova-Tohidi

Bu gün əziz Ustadım Şirməmməd müəllimin vəfatından 40 gün ötür. Dəfninə gəlib çata bilməmişdim, birinci cümə axşamında ailəsi və yaxınları ilə axşam saat 11-ə qədər oturduq. Şirməmməd müəllumin portreti qarşısında onunla bağlı xatirələrimdən söz açdım, onun mənim sadəcə müəllimim olmayıb, elmə gəlməyimdə müstəsna rol oynadığı ilə bağlı intriqalarlab dolu hekayətimi eşidəndə, qızları bu əhvalatı mütləq bölüşməyi məsləhət gördülər. Yazımın başlığındakı ingiliscə ifadəni də onların təklifi ilə saxlayıram.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxudugum və elə birinci il Tələbə elmi cəmiyyətinin xətti ilə gənc jurnalist-tədqiqatçıların MDU Jurnalistika takültəsinin təşkilatçılığı ilə keçirilən ümumittifaq konfransında iştirak etmişdim. Elə həmin vaxtdan Moskva dövlət universitetində üzləşdiyim elmi-peşəkar mühit məndə öz təhsilimi mütləq Moskvada davam etdirmək kimi güclü bir arzu yaratmışdı. Qayıtdıqdan sonra bu arzumu səfərimizin yekunları ilə ciddi surətdə maraqlanan fakültəmizin dekanı Şirməmməd müəllimlə bölüşmüşdüm və yəqin ki, elə o vaxtdan onun diqqətini çəkmişdim. Belə ki, iki ildən sonra Moskvaya bir tələbə göndərmək imkanı yarananda Şirməmməd müəllim bu təklifi deyəsən ilk olaraq mənə etmişdi. Amma atam yaşımın azlığını bəhanə gəturərək Moskvaya oxumağa getməyə icazə vermirdi, mənim inadım qarşısında, yəqin ki, öz fikrini yaxından tanıdığı Şurməmməd müəllimə də bildirmişdi. Çünki Şirməmməd müəllim nədənsə birdən fikrini dəyişmişdi və artıq lll kursda oxuduğum halda 1 il itirməyin məsləhət olmadığını, Moskvaya isə oğlan uşağı göndərməyi daha məqsədəuyğun saydığını demişdi. Zənnimcə sonra o yerə bizdən bir kurs aşağı oxuyan Zeynal Məmmədov göndərildi.
Bununla belə, ilk arzum ürəyimdə möhkəm yer almışdı, mətbuat tarixinə və elmi tədqiqata da həvəsim Şirməmməd müəllimin unikal mühazirələri nəticəsində getdikcə artırdi. Bolşevik mətbuatı, dünya kommunist mətbuatı kurslarını tədris edən Şirməmməd müəllum elə müddəalarla danışırdı ki, sonda bir yığın suallar meydana çıxırdı. Bu suallara özümüz cavab tapmalı idik, hər halda mən məhz onun mühazirələrindən həvəslənərək Leninin əsərləri vasitəsilə "xain Kautskinin" nəzərləri ilə tanış olur, partiya tarixi üzrə mütəxəssis olan tarixçi atamla bütün bu mövzularda maraqlı, bəzın də mox qızğın diskussiyalara girişirdim. 
Amma V kursda diplom işi üçün mövzu seçimimdə əsas rolu mərhum müəllimimiz, Azərbaycan mətbuatını tədris edən, alovlu- atəşin ruhlu, gur səsli, prof. Qulu Xəlilov oynadı. Şeyx Məhəmməd Xiyabaninin "Azərbaycan" məqaləsindən necə danışdısa mən "Şeyx Məhəmməd Xiyabaninın publisistikası" mövzusunda diplom işi yazası oldum. Həcmi və məzmununa görə tələbə diplom işindən bir qədər fərqlənən bu ilk ciddi tədqiqatımın müdafiəsində kağızsız-filansız yarım saat çıxlş etdim, suallara necə cavab verdimsə, Şirməmməd müəllimdən onun məşhur "Əla -ye, Əla!" qiymətini ilk dəfə eşitdim. Amma iş bununla bitmədi. Fakültənin dekanı və İmtahan komissiyasının sədri kimi Şirməmməd müəllim belə müdafiənin nə üçün nümunə olduğunu şərh edəndən sonra məni "aspiranturada saxlamaq" haqda qərarı iclasın protokolyna saldırdı. Lakin elə oradaca məlum oldu ki, jurnalustika fakültəsini hətta qırmızı diplomla bitirənlər də aspiranturaya yalnız 2 il əmək stajı olandan sonra daxıl ola bilərlər və bunun üçün yer ayrılmalıdır. Şirməmməd müəllim bunu biləndən sonra sözündən dönmədi, dərhal qərarda "aspiranturaya zəmanət verilsin" yazdırdı və elə həmin iclasda mənim bu 2 ili hansı redaksiyada işləməyim məsələsini də həll etdi! 
Beləcə, mənim jurnalust kimi əmək fəaliyyətim başladı. Lakin bu sahədə arzu və ümidlərim yavaş-yavaş boşa çıxırdı ki, bu ayrıca mövzudur. Təlaş içində idim, Moskvaya aspuranturaya getmək üçün yollar axtarırdım, Müəyyən səbəblərdən fakültəmizə getmək istəmirdim, atam da Moskva məsələsində mənə heç cür dəstək vermirdi. 
3 il keçdikdən sonra birdən fakültədən məni aradılar və nə üçün aspiranturaya elan üzrə sənəd vermədiyimi soruşdular. Məlum oldu ki, Şirməmməd müəllimin bilavasitə cəhdləri nəticəsində fakültəyə nəhayət ki, bir aspirantura yeri ayrılıb, bu yeri Müəllimim mənim üçün nəzərdə tutub, indi isə başqa birisi gəlib sənəd verib, bəs Şirməmməd müəllim bərk əsəbiləşib, çünki, özü Moskvada uzun müddətli elmi ezamiyyətdə olsa da, məsələni nəzarətdə saxlayır. 
Bu xəbərin reallıqla üzləşdiyindən artıq ətrafındakı böyüklərə, hətta keçmiş müəllumlərinə inamı tükənən, nikbinliyi azalan, çıxış yolları daralan bir gənc üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil! 
Təbii ki, dərhal sənədlərimi hazırlamağa başladım, amma iş yerimdən tələb olunan bir sənədin verilməsində əməlli-başlı əngəl yarandı. Vaxt keçir, sənədi ala bilmirdim, sənəd qəbulu üzrə müddətə 3 gün qalmış, fakültədən yenə zəng gəldi, Şirməmməd müəllum vəziyyətlə maraqlanırdı. Çarəsiz qalıb vəziyyəti dekanı əvəz edən, fakültə partiya təşkulatının rəhbəri, müəllimimiz olmuş Seyfulla Əliyevə danışdım, narahat oldu, sözü gedən insanları tanıyırdı, özünün imkansız olduğunu, amma Şirməmməd müəllimə xəbər verəcəyini söylədi. Ertəsi gün səhər tezdən məsələni fakültə rəhbırliyinə çatdlqdığım üçün üzüm xeyli danlanandan (?) sonra nəhayət ki, lazım olan sənədi aldım. Məlum oldu ki, Şirməmməd müəllum məsələni elə gecə ikən telefon vasitəsilə həll edib! 
Beləliklə, aspirantura macəralarımın ll mərhələsi başladı. Bir yerə 2 nəfər sənəd vermişdik, "Rəqimim" bizdən iki kurs yuxarı oxumuş, hazırda "Azərbaycan kommunisti" jurnalında işləyən Oktay adlı keçmiş tələbə yoldaşımız , sakit, mədəni oğlan idi. Bir-birimizə hörmətimiz vardı, eyni mərhələləri keçdiyimizdən, eyni imtahanları verdiyimizdən elə bir yerdə gedib-gəlirdik, lazım olanda bir-birimizə kömək də edirdik. Bu ünsiyyətimiz ətrafdakıları, müsabiqənin nəticələrini maraqla izləyənləri əməlli-başlı əyləndirirdi. Hərəmizin öz tərəfdarları vardı. Fakültənin bəzi rəhbərliyi Oktayın iş yerini nəzərə alaraq onun keçməsini arzulayırdi, amma Şirməmməd müəllimin rəyini bildiklərindən, qorxudan açıq bir söz demirdi. 3 imtahandan eyni qitmətlər alanda- ixtisas və fəlsəfədən "5", ingilis dilindən-"4" vəziyyət lap gərginləşdi. Müəllimlərimizdən hətta kimsə zarafatyana bir çıxış yolu da göstərmişdi: "aspiranturaya oğlan girsin, qızı da alsın, hər ikisinin işi düzəlsin"... Mən artıq bu zarafatlara cavab verəsi halda deyildim, çünki vəziyyətin hara getdiyini görürdüm. Oktay, deyəsən, məsələsini daha yüksək səviyyədə həll edirdi və qərar qəbul olunandan xeyli əvvəl artıq məndən çəkinir, əlavə bir yer almaq imkanından danışır, darıxmağa səbəb olmadığını bildirir, gah da elmi işə həvəsi olmadığı, partiya işinə görə elmi dərəcə almaq məcburiyyətində olduğu kimi sözlərlə sanki özünə bəraət qazandırmaq istəyirdi...
Heç indi də anlamıram, bütün bunları gördüyüm halda mən kimə və nəyə arxayın idim... Oktaydan cəmi bircə məsələdə üstün olduğumamı? Bu qədərmi sadəlövh idim? ... Hər halda, seçim Oktayın xeyrinə həll olundu və o zaman keçirdiyim sarsıntını xatırlayanda hələ də özümün özümə yazığım gəlir. 
Bu vaxta qədər bütün bu işlərə qarışmayan atam da elə bil ilk dəfə bu aspirantura məsələsinin mənim üçün nə qədər mühüm olduğunun fərqinə vardı. Amma indiki halda əlindən nə gəlirdi ki... Az sonra hər şey aydınlaşmağa başladı. Deyəsən elə həmin günlər Oktayın işlədiyi "Azərbaycan kommunisti" jurnalının, deyəsən, baş redaktor müavini Müzəffər müəllim atama zəng edərək, bir qədər üzrxahlıqla məsələdən xəbərdar olduğunu bildirdi. (Müzəffər müəllum atamla bir yerdə işləyən Klara xanımın həyat yoldaşı, Nazim və Rasim İmanovların atası idi, auləvi xoş ünsiyyətimiz var idi). Müzəffər müəllumin dediyindən aydın oldu ki, Az.Kommunist Partiyası MK orqanı olan bu jurnalın rəhbərliyi ADU-nun rektoruna müraciət edib, partiya kadrlarının elmi səviyyəsini yüksəltmək, ... və s. və s. bu kimi səbəblərin aspiranturaya qəbul məsələsində nəzərə alınmasını xahiş edib, bir sözlə qəbul vaxtı Oktaya üstünlük verilməsi haqda rəsmi məktubla çıxış edib. Eyni zamanda, Müzəffər müəllum atama məsləhət gördü ki, "qızı götürüb ADU-nun rektorunun qəbuluna getsin, məsələni şəxsən izah etsin, çünki bu məsələdə beləcə geri çəkilmək, heç bir addım atmamaq düzgün deyil və s. 
Atam elə bil ki, ürəkləndi və ertəsi gün birlikdə ADU-nun rektoru Faiq Bağırzadənin qəbuluna getdik. Yadımdadır, çox asanlıqla qəbula düşdük, atam özünü təqdim etdi, məsələni danışdı. Tanıyanlar bilir ki, çox çılğın və mürəkkəb xasiyyəti, bəzən gözlənilməz reaksiyası ilə məşhur olan Faiq müəllim atamı çox diqqətlə dinlədi, onun və mənim Tohidi soyadımıza maraq göstərdi, sonra "Sizinlə açıq danışacağam, Əli müəllim, siz də ziyalısınız, siyasət adamısınız, partiya göstərişlərinin mühümlüyü haqda sizə əlavə nəsə deməyə ehtiyac yoxdur. Mətbuat işi sırf siyasi işdir, odur ki, adpiranturaya qəbul zamanı bərabər şərtlər daxilində Oktay Məmmədovun Respublika Partiya orqanında işlədiyi üstünlük kimi nəzərə alınıb". 
Bu yerdə mən, yanpörtü oturmuş atamın arxasından - "Mənim işlədiyim qəzet də Bakı şəhər partiya komitəsinin orqanıdır"- dedim. 
Faiq müəllim heyrətlə boylanaraq mənə baxdı, söhbətə qarışacağımı heç gözləmirdi, amma artıq cavab verməli idi: "Onun səndən daha bir üstünlüyü var: O, kommunistdir". 
Mən: "Bu üstünlük vəzifəyə gedəndə nəzərə alınmalıdır, elmə gələndə yox. Bu məsələdə isə mənim ondan bir üstünlüyüm var: Mən universiteri fərqlənmə diplomu ilə bitirmişəm! indiki halda bu fərq nəzərə alınmırsa, aspiranturaya qəbul zamanı fərqlənmə diplomu yox, partiya bileti əsas götürülürsə, bu diplom daha harada mənə lazım ola bilər?!"
Birnəfəsə dediyim bu sözlərdən Faiq müəllum də, elə atam da sanki bir anlıq özlərini itirdilər. Faiq müəllum diqqətlə üzümə baxdı, sonra birdən dedi: 
-İngiliscə de görüm: stolyn üstündə bir neçə kitab və dəftər var. 
Bu gözlənilməz sualdan indi mən heyrətləndim və ilk nəzərimə çarpan atamın qulaqlarının və boynunun birdən-birə qızarması oldu. lakin özümü tez ələ aldım və 5-ci sinif səviyyəsində olan bu cümləni dərhal tərcümə etdim: 
- "there are several books and copybooks on the table"
Faiq müəllum üzündə elə bil ki, heyrətqarışıq təbəssümlə: -" Yes.... on the table..." -dedi. Sonra daha bir sadə cümlənin tərcüməsini soruşdu, cavab alandan sonra, üzünü atama tutaraq:
-Əli müəllim, o oğlanın əmri artıq imzalanıb, siyahılar divardadır. Vəziyyəti dəyişmək mümkün deyil. Amma Mən sizə Kişi kimi söz verirəm ki, bu qız üçün nazirlikdən əlavə yer alacağam. Mən rektor kimi özüm də çox maraqlıyam ki, belə savadlı, hazırlıqlı gənclər elmə gəlsin.
Atam ayağa qalxdı, Faiq müəllimə bizi qəbul etdiyinə görə təşəkkür elədi və onun vədinə inandığını bildirdi. Sonra iti addımlarla rektorun kabinetindən, daha sonra binadan çıxdı. Mən onun arxasınca az qala qaçmalı olurdum. Atam yalnız Universitetin həyətində ayaq saxladı və mənə tərəf dönərək: "Əgər o suallara cavab verməsəydin, mən orda xəcalətdən ölməli idim"-dedi.
O zaman Atamın belə bir vəziyyətdə məni deyil, özünü düşündüyünü fikirləşərək az qala inciyəcəkdim. Amma sonrakı sözlərindən atamın ilk dəfə mənim qabağımda öz köməksizliyindən nə qədər pərişan olduğunu hiss etdim: 
-Qızım, mən bu məmləkətdə qərib bir adamam. Bundan artıq sənin üçün heç nə edə bilmirəm, Gözləyək, dedi ki, "Kişi kimi söz verirəm". Bəlkə elə doğrudan sözünün üstündə durdu"
Mən onsuz da Faiq müəllimin vədindən ruhlanmamışdım, atamın bu "bəlkə" ehtimalı isə lap ümidimi qırdı. 
Az sonra məlum oldu ki, Şirməmməd müəllim bu məsələdə Dekanlığın mövqeyini- yəni mənim namizədliyimi müdafiə etməyi- rektorlyğa çatdırmadığı üçün fakültə rəhbərliyinə irad tutanda da bu işə Mərkəzi Komitənin qarışdığını əsas səbəb gətiriblər.
Beləliklə, mənim üçün artıq məsələ bitmişdi. Yenidən işə qayıtmalı, ayrılmağa qərar verdiyim gündəlik redaksiya həyatına dönməli idim...Bu gerçəklik məni olduqca üzürdü. Aspirantura mənim üçün sadəcə elmlə məşğul olmaq imkanı deyildi. 3-4 illik jurnalist fəaliyyətindən sonra elm mənə ilk növbədə az-çox öz mövqeyini qorumaq, yazılarında, fikirlərində nisbətən müstəqil olmaq, daha ciddi və gələcəyə ünvanlanmış işlər görmək və nəhayət, Moskva Universitetinə aparan bir yol idi... İndi bütün bu arzular, planlar arxada qalırdı. Şirməmməd müəllimin də etimadını doğrultmamışdım, ingilis dilindən 5 alsaydım, bəlkə belə problemlər olmazdı, deyə özümü danlayır, əzab çəkirdim.
Xəbərim yox idi ki, hələ aspurantura macərası bitməyib və ingilis dili "imtahanı" da öz işini bundan sonra görəcək... 
Faiq müəllimlə görüşdən 4-5 gün keçmişdi, universitetdə işləyən və bütün bu əhvalatın fəal müşahidəçilərindən olan bir rəfiqəm mənə zəng etdi və oynaq bir səslə "daha biz tərəflərə(universitetə) gəlmirsən?" -soruşdu. Mənim həvəssiz cavablarıma onun israrla, "dur bir gəl, siyahılara bax, bəlkə hələ mənə muştuluq verəsi oldun" -sözlərindən sonra Universitetə getdim və Aspiranturaya qəbul olunanların siyahısına baxanda gözlərimə inanmadım. Yazı maşınında yığılmış siyahının sonunda Oktayın adı pozulub, əl ilə mənim adım yazılmışdı! 
Dərhal Aspirantura şöbəsinə getdim və məlum oldu ki, bizimlə görüşdən 2 gün sonra Faiq müəllim Oktayı çağırtdırıb, onunla söhbət edib və birdən ona da "stolun üstündə bir neçə kitab-dəftər var" cümləsini ingiliscə deməyi təklif edib. Oktay cavab verə bilməyəndə Faiq müəllim Aspirantura şöbəsinin müdirinə deyib ki, "get, o siyahıdan bunun adını sil, o qızın adını yaz!" 
Aspirantura şöbəsinin müdiri nəsə demək istəyəndə, onun sözünü kəsib və daha sərt səslə bir də həmin əmrini təkrar edib. Bax belə! 
Bu əmrin tək mənim həyatımı deyil, həm də çox-çox insanların ədalət, insaf, düzlük və "Kişi sözü" kimi anlayışlar haqda fikrini dəyişdiyinin özüm dəfələrlə şahidi olmuşam. 
Mən isə, həmin əmr qüvvəyə minən kimi, dərhal işdən çıxdım, az sonra Moskvaya getdim, Lomonosov adına MDU-nun Jurnalistika fakültəsinin əfsanəvi dekanı Yasen Nikolayeviç Zasurskinin həm də müdiri olduğu Xarici ölkələr mətbuatı kafedrasında 3 əlavə minimum verərək ixtisasımı tarixə dəyişdim, (bizim univetsitetdə jurnalistikaya yer yalnız filologiya ixtisası üzrə verilirdi). Daha sonra elə həmin fakültənin elmi şurasında İran mətbuatı tarixindən namizədlik dissertasiyası müdafiə edərək Bakıya qayıtdım. Təbii ki, bütün bu illərdə Şirnəmməd müəllimlə əlaqə saxlayırdım. Diplomumu alandan sonra Müəllumim məni fakültəyə çağırdı, Moskva diplomunu göstərərək kafedrada olan müəllumlərdən "o oğlanın müdafiə edib etmədiyini" soruşdu və hələ bir xəbər olmadığlnı eşidəndə qalibanə nəzərlərlə bir-bir hamının üzünə baxdı...
İndi bu sətirləri yazıram və Şirməmməd müəllimin həmin surəti gözlərim önünə gəlir, göz yaşlarımı saxlaya bilmirəm. Əziz Müəllimim, Ustadım, verdiyi sözə əməl edən Böyük Kişi! 
Elmə yolumu açmaqla yanaşı öz əməli ilə şəxsiyyətimi də möhkəmləndirən, məni sınmağa, inamımı sönməyə, ruhumu ölməyə qoymayan Nəhəng İnsan!
Bu aspirantura hekayətim ilə o bəyənmədiyimiz Sovet gerçəkliyində Böyük Kişilərin varlığını göstərmək istədim.
Sıravi bir diplom müdafiəsində hansısa bir işartı gördüyü tələbəsinə verdiyi sözə əməl edən Müəllim-Şirməmməd Hüseynov...
Ədalət hissindən çıxış edərək Mərkəzi Komitənin məktubuna əhəmiyyət verməyən və öz əmrini ləgv edən Rektor- Faiq Bağırzadə...
Sonralar, elmi taleyimdə daha bir belə Böyük Kişi həlledici rol oynayacaq- Ziya Bünyadov...
Bu İnsanlar öz nümunələri ilə ən ümüdsüz, ən ədalətsiz bildiyimiz şərairdə belə Haqqın varlığını sübut ediblər və bununla da Örnək olublar. 
Bu gün onların bənzəri varmı?.... Biz özümüz onlara nə dərəcədə layiq ola bilmişik ?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31