VƏTƏN! ORDU! ŞƏRƏF!

VƏTƏN! ORDU! ŞƏRƏF! Стикер

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin kollektivi Gədəbəy rayonunda Yaşıl Teatın səhnəsində N saylı hərbi hissənin əsgər və zabit heyyəti ilə görüş keçirib.

Uca dağların buludlara meydan oxuduğu bir aləmə səfər etdik. Orada hər yer çəmən-çiçək qoxuyurdu. Gülün keşiyini çəkən bülbülün nəğməsi valeh edirdi insanları. O diyarın sehri yolçuları yolundan saxlayıb bu sehirli aləmə qonaq edirdi. Gündüz günəşin hərarəti, gecələr isə ayın nuru torpağa ayrı bir təravət bəxş edirdi. Gülər üzlü, xoş simalı insanların məskən etdiyi bu diyarın adına Gədəbəy deyib, özünü saza, sözə aşiq könüllərin yurdu adlandırıblar. Uzun qış gecələrində nənələrin nağılları ilə yuxuya gedən, bu nağılların timsalında dünyanı dərk edən, yaxşını pisdən ayırmağı öyrənən böyüydükcə həyatı tanıyaraq cəngi sədaları ilə düşmən üzərinə gedən oğulların diyarına qonaq olmaq insana xüsusi zövq verirdi. Günəşli bir səhərdə səfər etdik o yerlərə. Enişli-yoxuşlu, bol döngəli, əyri-dolanbac aşırımları keçdikcə bir az da yaxınlaşırdıq qədim ozan eli olan Gədəbəyə. Hər daşı, qayası gül-çiçək ətri saçan bu yerlərin havası, suyu qəlbə məlhəm çiləyirdi. Bu diyarın torpağına ilk ayaq basdığımız anda səmalarda muncuq dənələri kimi sıra-sıra düzülmüş bulud topaları buyur etdi bizlərə. Məhz bu diyarda dilində Allah duası, qəlbində vətən sevgisi ilə vətənin keşiyində dayanan azadlıq fatehləri ilə görüşdük. Mədəniyyət keşikçiləri ilə azadlıq fatehlərinin görüşü izləyənlərə böyük bir duyğu seli yaşatdı. Bu selin ağuşuna qapılan hər kəsin ruhunda təlatümlər baş qaldırdı, könülləri fırtınalara məskən oldu. Soyuq qış gecələrində vətən daşına baş qoyub vətən qarına bürünən əsgər balaların sevincləri çöhrələrindən oxunurdu. Düşmənin gözünə nifrətlə baxan, bir həniri ilə onları lərzəyə salan qəhrəmanların qəlbinin dərinliklərində olan kövrək dünyaları belə öz qapılarını taybatay açmışdı o gün. Meydana musiqinin möhtəşəm sədaları altında daxil olan qəhrəmanların qarşılaşdıqları mənzərə qarşısında gözləri qəhər ümmanına yelkən açırdı.

Uzun qış gecələrində əsgər yolu gözləyən ana-bacıların, gizli-gizli yol gözləyən, yağan yağışdan, əsən küləkdən sediyinin ətrini diləyən sevən ürəklərin dualarından hərarət alan qəlbiniz vətən sevgisi ilə dolub daşıb, yazda qanı dəli axan dağ çayına qarışıb bu diyarın tarixini yazan qəhrəmanların səlnaməsi yaranıb. Məhz o oğulların xatirəsi yad edilirdi sazlı-sözlü iyul günündə. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Himnin hər kəlməsini bütün varlığı ilə oxuyan azadlıq fatehlərinin görüşünə gələnlər içərisində ölkəmizin gələcəyi olan fidan balalar da var idi. Onların əsgər qardaşlarına yazdıqları məktubların hər kəlməsi dinləyənlərdə sevinc, qürur, fəxr hissi oyadırdı. Bu duyğular bir aləmdə cəm olub böyük bir dağa

dönürdü sanki. O dağ yurdumuzun üzərində dolaşan ifunət qoxulu yad nəfəslərə göz dağı idi. Mədəniyyət keşikçilərinin vətən oğullarına yaşatdığı bayram əhvallı saatlarda yağılara əsir olan doğma diyarın belə həsrət dolu sevinci hiss edilirdi. Gədəbəy aşıq məktəbinin şagirdlərinin dilləndirdiyi sazın ifasında eşidilən "Ruhani"nin sehri yaralı könüllərə su çiləyirdi. "Baş sarıtelin, Müxəmməs"in təsirindən cuşə gələn təbiət belə xəfif mehini əsdirirdi. Yaşıl teatrın əsirlərə meydan oxuyan səhnəsində ard-arda edilən çıxışlar insanlarda sevinc hissi oyadırdı.

Biz sizdən öyrənmişik dəyanəti, əzmi, mübarizliyi. Sizə isə sözün sehrindən saçılan nuru hədiyyə edirik Azərbaycan oğulları. Məhz bu əqidə ilə təşkil edilən tədbirin əsas məramı əsgər balaların çöhrəsində təbəssüm oyatmaq idi. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin heyyəti bu dəfə də öz məqsədinə nail oldu. Tədbirin irəliləyən dəqiqələrində əsgərlərin şeir və musiqi tövhələri səslənirdi. Aylardan bəri doğma ocaqlarından uzaq düşən əsgər və hərbi qulluqçuların qəlbi sevinclə dolub daşırdı o gün.Bizm isə onlara yaşatdığımız xoş dəqiqələrin ən ali məqamında körpə balaların vətən sevgisi ilə nəqş etdikləri rəsim əsərlərinin təqdimatı dayanırdı. Hər rəsmin böyük bir dünyası vardı. Körpə əllərin böyük bir əzmlə çəkdikləri rəsimlərdə qəhrəmanlıq dastanlarını xatırladan bir əhval duyulurdu. Vətən uğrunda yüzlərlə oğullarını şəhid etmiş Gədəbəy elində vətənpərvərlik ruhunu ehtiva edən rəsim sərgisinin təşkili qonaqların mübarizə əzmini daha da artırdı. O gün Məzahir Rüstəmovun, Aytəkin Məmmədovun və daha neçə qəhrəmanların ruhu dolanırdı səmalarda. Səmalarımızı ayıq-sayıq qoruyan şəhid ruhları da vətən, ordu və şərəf deyən dillərin hər duasına amin deyirdi sanki. Tədbirin sonunda isə azadlıq fatehlərinə səhnədən uğur dilədik. Mədəniyyət üzrə Elmi-Metodiki və iİxtisasartırma Mərkəzinin kollektivinin səhnədə bir can, bir ürək olub ordumuza dilədiyi xeyir-duaların sədası dağları, təpələri aşıb əsir yurda belə yetdi. Biz inamımız, qürurumuz olan ordumuzla hər zaman və hər yerdə bir bütün olmaqda sonsuz böyük sevinc hissi duyuruq.

Rəfiqə Nəsirova,

Mədəniyyət üzrə Elmi Metodiki

və İxtisasartırma Mərkəzinin metodist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31