Tatarıstan xalq şairinin kitabı təqdim edildi – “Payız yağmurları”

Tatarıstan xalq şairinin kitabı təqdim edildi – “Payız yağmurları”

İyulun 31-də Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Dövlət Şurasının Maarif, Mədəniyyət, Elm və Milli Münasibətlər Komitəsinin başqanı, Dövlət Mükafatı laureatı, görkəmli dövlət və ictimai xadim Razil Vəliyevin "Payız yağmurları" kitabının təqdimat mərasimi keçirildi.

Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə Rəşad Məcid açıb.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Tatarıstan mədəni əlaqələri artıq geniş miqyasda davam edir: "Razil bəy Tatarıstanın dəyərli aydınlarından biridir. Tatarıstanın ictimai həyatında söz sahibidir. Bu cür dəyərli ziyalını ölkəmizdə salamlamaqdan məmnunuq. İki qardaş xalq arasında əlaqələrin daimi olmasına, birliyimizin artmasına, ədəbi əlaqələrimizn genişlənməsinə böyük ehtiyac var. Bizim hər zaman gözəl siyasi və mədəni münasibətlərimiz olub. Bizlərin arasında heç vaxt siyasi əngəl olmayıb. Tatarıstanda ən fəal icma Azərbaycan Diasporasıdır. Bu cür isti münasibətlərdən istifadə edərək əlaqələrimizi hərtərəfli artırmalıyıq. Razil Vəliyevin dəstəyi sayəsində biz mədəni, iqtisadi və siyasi, təhsil əlaqələrimizin daha da sıx olacağına inanırıq. Razil Vəliyevin təklifi ilə hər il iki azərbaycanlı və tatar şair və yazarların əsərlərinin  hər iki ölkədə tərcümə olunub yayımlanmasını müzakirə etdik. Bundan əlavə Qarabağdan bəhs edən hekayələr toplusu da Tatarıstanda yayımlanacaq."

Tədbirdə çıxış edən Əkbər Qoşalı Razil Vəliyevin yaradıcılığından bəhs etdi.

"Payız yağmurları" kitabının tərcüməçisi, şair- publisist Həyat Şəmi Dünya Gənc Türk Yazarlar Birliyinə təşəkkür edərək, Razil Vəliyevin yaradıcılığı ilə tanış olmaqdan məmnun olduğunu bildirib.

Yazıçı -publisist, "Ustad" dərgisinin baş redaktoru Şəmil Sadiq qeyd etdi ki, Azərbaycan yeni nəsil yazarları qardaş tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Razil Vəliyevin yaradıçılığı ilə iki qardaş xalq arasında ədəbi əlaqələrin dərin əsası qoyulur.

Tədbirdə çıxış edən tarixi əsərlər müəllifi, yazıçı- publisist Yunus Oğuz bildirdi ki, tatarlar və yakutlar arasında mədəni əlaqələr Azərbaycan üçün çox əhəmiyyətlidi: "Bir neçə il əvvəl Tatarıstanda kitabımın təqdimatını kiçik zalda keçirməyi nəzərdə tutmuşdular. Lakin elan veriləndən sonra təqdimata gələnlərin sayı 200 nəfəri keçdi və təşkilatçılar təqdimatı geniş zalda təşkil etdilər. Bu tatarların Azərbaycana olan sevgisindən irəli gəlirdi. Tarixə nəzər salsaq görərik ki, bizim tatarlarla həm də torpaq münasibətlərimiz var. Biz hamımız bir xalqıq."

Yunus Oğuz çıxışının sonunda Razil Vəliyevə əsərlərini hədiyyə etdi.

"Azad Azərbaycan" telekanalında Bədii Şuranın sədri Etibar Babayev bildirdi ki, Tatarıstanın Azərbaycanda tanıdılması üçün telelayihəyə böyük ehtiyac var. Yaxın zamanlarda belə bir verilişin həm Tatarıstanda, həm də Azərbaycanda yayımlanması hər iki qardaş ölkə üçün böyük tövhələr verərək, əlaqələrin daha da sıx olmasına xidmət edəcək.

Azərbaycan və Tatarıstan arasında əlaqələrin möhkəmlənməsində xidmətləri olan millət vəkili Qənirə Paşayeva, Həyat Şəmi, Şəmil Sadiq və digərləri mükafatlandırıldı.

Sonda Razil Vəliyev Azərbaycan-Tatarıstan münasibətlərinin əhəmiyyətindən bəhs edərək, hər kəsə təşəkkür etdi.

Qeyd edək ki, "Payız yağmurları" Xalq şairi Razil Vəliyevin Azərbaycanda çıxan ilk kitabıdır. Kitabda şeirlər iki dildə (azərbaycanca və tatarca)verilib. 

"XAN" nəşriyyatında gün üzü görən şeirlər kitabının layihə rəhbəri və baş redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. "PAYIZ YAĞMURLARI"nın məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkili dr.Cavanşir Feyziyev və millət vəkili Qənirə Paşayevadır. 

Kitaba "USTAD" dərgisinin təsisçisi dos.dr. Şəmil Sadiq önsöz yazıb.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31