Bir tikə çörək dostumu necə xilas elədi... -Elçin Hüseynbəyli yazır

Bir tikə çörək dostumu necə xilas elədi...

Elçin Hüseynbəyli

Çörəyin hikməti barədə çox məsəllər, misallar var. Amma mən sizə tamam başqa bir əhvalat danışacam. Bu əhvalat mənim yox, baməzə dostumun başına gəlib.

Aldı görək nə dedi:

-Kənd həyatını özün tanıyırsan da, çünki  gözlərinlə görmüsən. Səhərdən axşama kimi qarışqa təki işləyirdik: yer belləyirdik, arx qazırdıq, ot biçirdik, mal-heyvan otarırdıq. O qədər yorulurduq ki, gözlərimiz ağara qalırdı.

Bir səhər atam məni lap tezdən oyatdı. Yay idi. Dedi ki, gün qızmamış çəpəri hörmək lazımdı. Bir az da qalsa qamış da, civir də vağanıyacaq, burğu quruyacaq. O zamanlar  həyətdəki ara çəpərləri qamışla hörürdülər ki, toyuq-cücə bostana adlayıb meyvə-tərəvəzi, ştilləri zay eləməsinlər.

Mal-heyvanı örüşə ötürüb qayıtdım. Ağzıma bir tikə çörək alandan sonra atamın yanına getdim, çəpəri hörməyə başladıq. O, qamışın başın əyib qatlayır, civir burğusunu mənə uzqdır, mən də ona qaytarırdım. Bir müddət dinməz-söyləməz işlədik. Yuxu gözümdən tökülür, gün başımı deşir, yorulub əldən düşmüşəm. Hardasa 6-7- də oxuyardım. Kişi də elə zəhmli və sərtdi ki, qorxumdan cınqırımı da çıxara bilmirəm. Birdən nə ağıl elədimsə, atama yalan deməyə məcbur oldum, daha doğrusu mızıldandım. Qorxurdum axı: "Bayaq heyvanları örüşə ötürüb qayıdanda gördüm ki, adamlar Məmmədyargilə gedirlər. Danışırdılar ki, Məmmədyar kişi ölüb."

Məmmdəyar bizim uzaq qohumuz idi. Çoxdan idi ki, can üstəydi. O qədər əzazil və mərdimazar idi ki, kənd camaatı deyirdi ki, Allah ondan elədiklərinin əvəzini çıxır, zülm edir ona görə də Əzraili onun dalınca göndərməyə tələsmir. Gözümü açandan görmüşdüm ki, itlərinin qulaq, quyruğunu kəsdirənlər, mal-heyvanı axtalatdıranlar Məmmədyarı çağırır.

Atam mənim bu qara xəbərimə heç nə demədi. Əyri-əyri mənə   baxdı ki, indiyə kimi niyə deməmişəm və paltarını dəyişib kənd yuxarı getdi. Atam xeyir-şərdən qalmazdı, kənddə hörməti-izzəti vardı. Ona görə də bir hadisə olan kimi özünü birinci çatdırardı.

Atam həyətdən çıxan kimi arxa otağa girib yerimə uzandım. Amma qorxumdan nə illah elədimsə, yuxuya gedə bilmədim. Bir qulağım da çöldəydi. Bilirdim ki, kişi gələn kimi dərimə saman təpəcək, əlləri də yaman ağır idi.

Bir azdan atam qayıtdı və anama dediyi ilk söz bu oldu: "Hanı o köpəyoğlu, ətin kəsəcəm onun. Məni aldadıb!"

Bu sözləri eşidən kimi arxa qapıdan çıxıb həyətin o biri başına qaçdım. Həyətin o başında bizim yerdən qazma təndirimiz vardı. Qonum-qonşu növbəylə orda çörək bişiridilər. Bildim ki, kişi ayıb eləyib ora gəlmiyəcək. Bir az orda avaralandan sonra evə qayıtdım. Kişi tut ağacının dibində oturub çay içirdi. Anam göz-qaş elədi ki, gözünə görükməyim. Özü də mənə bir parça çörək verdi ki, əlimə alıb yeyim. Çünki atam əlimizdə çörək olanda bizə heç nə demirdi. Çörəyi yeyə-yeyə gəlib onun yanından keçdim. Çünki həyətdən bayıra çıxmaq üçün başqa yol yox idi. Uşaqlar çoxdan çayda çimirdilər. Atam məni görəndə ayağa qalxdı. Sarımı uddum, amma çörəyi də gəvələməkdə davam elədim. Kişi mənə uzun-uzadı baxdı, təzədən yerində oturdu və bircə kəlmə dedi: "Qurban olasan əlindəki çörəyə!"

Bax, çörək məni döyülməkdən beləcə qurtardı...

Həmişə çörəkli olasınız, dostlar!

Iyulun sonu, 2019

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31