“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin yekun mərhələsi keçirildi

“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin yekun mərhələsi keçirildi

Bakı şəhərində "Muzey əşyalarının daimi mühafizə portalı"nın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat - treninqlərin sonuncu mərhələsi keçirildi.

Olaylar.az bildirir ki, Respublikanın bütün bölgələrində təşkil edilmiş təqdimat-treninqlər Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynovanın, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Qabil Abbasovun, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynlinin, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Sədi Mirseyiblinin və həmin muzeyin baş fond mühafizi Aida Axundovanın, "Adzone" şirkətinin İT inkişaf mütəxəssisi Natiq Talıbov və həmin şirkətin layihə meneceri Barat Qubatovun iştirakı ilə keçirilmişdir.

Təqdimat-treninq zamanı portalın yenidən işlənilmiş proqram təminatının istifadə qaydalarına dair təqdimat nümayiş olunmuş, o cümlədən portalla bilavasitə məşğul olan operatorlara regionda fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatların portala daxil edilməsi qaydası göstərilmiş, çoxsaylı suallar cavablandırılmış, təlimatlar keçirilmiş, habelə "Muzey əşyalarının daimi mühafizə portalı"nın yenidən işlənilmiş proqram təminatının təkmillləşdirilməsinə dair bir sıra maraqlı rəy, təkliflər əldə edilərək "AdZone" şirkətinə çatdırılmışdır.

Mədəniyyət Nazirliyinin "Muzey sərvətlərinin daimi mühafizə portalı" üçün vahid idarəetmə sisteminin yaradılması məqsədilə muzeylər tərəfindən toplanılmış və sistemləşdirilmiş məlumat bazasının idarə olunması, yenilənməsi və internet məkanında təqdim olunması üçün veb-proqram təminatı ən müasir, beynəlxalq və milli texniki parametrlərə və təhlükəsizlik standartlarına cavab verərək, gələcəkdə digər məlumat bazaları və veb-portalları ilə inteqrasiya olunacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31