Avtomobil Yolları Dövlət Agentliyi “Turan”ın iddialarını cavablandırdı
Avtomobil Yolları Dövlət Agentliyi “Turan”ın iddialarını cavablandırdı
24 İyul 2019 17:14 Sosial"TURAN" Informasiya Agentliyinin Şəkinin Üzümçülük kəndində asfalt yolunun iki elektrik dirəyinin arasından çəkildiyi barədə yaydığı xəbərlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. "OLAYLAR"-a AAYDA-dan daxil olan açıqlamada bildirilib ki, sözügedən xəbərdə başqa bir ölkədə çəkilən foto paylaşılıb: "Amma nədənsə həmişə demokratiyadan və düzgünlükdən dəm vuran həmin insanlar və onların təmsil etdikləri saytlar bu informasiyanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa belə cəhd etməyiblər. Təbii ki, yaydıqları informasiyanın düzgün olmadığını, qərəzli olduğunu bildikləri üçün belə ediblər. Bunu etməkdə isə bir məqsədləri olub - vətəndaşlar arasında çaşqınlıq yaratmaqla yenə də antiazərbaycan qüvvələrinin ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi apardıqları çirkin oyuna dəstək verməkdir. Bu və bu kimi məlumatları yayan insanların sosial şəbəkələrdəki səhifələrinə, onların təmsil etdikləri xəbər saytlarına nəzər yetirdikdə bunu əyani şəkildə görmək mümkündür.
Agentlik bildirir ki, nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunu digər kəndlərində və ümumiyyətlə Azərbaycanda belə bir yol yoxdur: "Bunun ardınca sözügedən xəbər saytlarında Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib. Bununla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır. Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya labarator şəraitdə yoxlamaq mümkündür".