Məhkəmənin ədalətsiz qərarı və intihar etmək məcburiyyətində qalan vətəndaş
Məhkəmənin ədalətsiz qərarı və intihar etmək məcburiyyətində qalan vətəndaş
24 İyul 2019 13:44 SosialDövlət və dövlət başçısı müxtəlif sahələrdə mövcud olan problemlərin həlli, bu kimi neqativ halların bir daha təkrarlanmaması məqsədilə ortaya siyasi iradə qoyub, müvafiq addımlar atsa da, islahatlar həyata keçirsə də, hələ də müəyyən problemlər qalmaqdadır. Bu da heç şübhəsiz ki, bəzi məmurların öz işlərinin öhdəsindən layiqincə gələ bilməməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi ilə əlaqədardır. Elə redaksiyamıza mıktubla müraciət edən Sakin Ağayev də məhz məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və ədalətsiz davranışdan şikayət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edən Sakin Ağayev əsas etibarilə Ali Məhkəmədən şikayətlənir. Müraciət müəllifinin fikirlərindən aydın olur ki, Fikrət İbrahimov adlı şəxs ona göstərilən etibardan sui-istifadə edərək onları aldadıb və Qazaxıstanda yaşayan həyat yoldaşı Vüsalə Rəhimlinin bu ölkədə olan əmlakını mənimsəyərək qaçıb: "Törətdiyi əməldən sonra Qazaxıstandan Azərbaycana qaçan Fikrət İbrahimovun dəymiş ziyanı ödəməsi üçün həyat yoldaşım qanunauyğun şəkildə məhkəməyə müraciət edib. Qazaxıstandakı məhkəmə çəkişməsində F.İbrahimov hər bir yolla, yalan ifadələr verərək məhkəməni aldatmaq, məhkəmə hakimlərini ələ almaq və öz ləyaqətinə uyğun digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməyib. Qazaxıstanda açıq məhkəmə çəkişməsində Fikrət İbrahimovun fırıldaqçılığı sübuta yetirilib və onun Vüsalə Rəhimliyə borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilib. Lakin F.İbrahimov Qazaxıstan Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir. Öz çirkin niyyətini həyata keçirmək üçün o nəyin bahasına olursa olsun ilk növbədə özü kimi birisini, yəni pula görə hər şeyi, hətta vicdanını belə satmağa hazır olan, bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir. Bu məqsədlə o, həmin vaxt Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanovla cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı rayon məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər. İşə məhz Ə.Qəhrəmanovun olduğu Pirallahı rayon məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə.Qəhrəmanov F.İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Abuzər Novruzov adlı birini də qoşmağı tövsiyə edir. A.Novruzov iddia ərizəsinə guya "İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə" adı ilə əlavə edilsə də, iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməyib və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməyib". Sakin Ağayev daha bir qanunsuzluğun üstünü açaraq qeyd edir ki, iddianın inzibati-iqtisad məhkəməsində deyil, məhz Pirallahı rayon məhkəməsində baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A.Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda olmayıb: "Sonrakı araşdırmalarda isə A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı rayon Polis idarəsinə təqdim etdiyi izahatda göstərir. A.Novruzovun heç bu fırıldaqçı F.İbrahimovla da tanışlığının olmaması isə iddia ərzəsinə onun adının məhz hakim Ə.Qəhrəmanovun tövsiyyəsi ilə salınması faktını bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir.
Beləliklə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta "müqaviləyə" hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir və bunula da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur. Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların ədalət məhkəməsi hakimi adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm. Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə məhkəmə hakimi tərəfindən həyasızcasına törədilən açıq-aşkar saxtakarlıqlara və özbaşınalıqlarla ilk dəfə rastlaşdıqlarını qeyd edirlər. Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir? Görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə "müqavilə" adı ilə hüquqi sənəd kimi istinad edilə bilər? İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı rayon məhkəməsi bu işi necə icraata qəbul edir?. Artıq bir ilə yaxındır ki, fırıldaqçı F.İbrahimovun sifarişi ilə məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirilir. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tədbiq olunur. Biz başqa bir şey istəmirik, ancaq öz konstitusiya haqlarımızı tələb edərək, bu işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Əgər bizim bir günahımız aşkarlansa ona görə cəzamızı çəkməyə hazırıq. Əks təqdirdə bizim bu haqsızlıqlarla barışmaq fikrimiz yoxdur və ədalət öz yerini tutana qədər mübarizə aparacağıq".
Sakin Ağayevin dövlət başçısına məsələ ilə bağlı ünvanladığı müraciətdə həmçinin qeyd edilir ki, bütün bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar ortadadır və həmin faktlar kütləvi informasiya vasitələrində də yayımlanıb, lakin kimlərinsə tapşırığı ilə bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılıb: "Bu haqqsızlıqlardan xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə müraciət edərək məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına gətirilmiş bu faciə barəsində Sizi məlumatlandıraraq bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş ediblər. Əlacsızlıq ucbatından mən həmin qətnamədən Avropa Məhkəməsinə şikayət vermək məcburiyyətində qalmışam. Lakin bu biabırşı qətnamənin Avropa Məhkəməsində müzakirəsinə qədər Ali Məhkəmənin Plenumuna çıxarilıb baxılması və ədalətli qərar qəbul edilməsi mümkündür". Müraciət müəllifi onu da deyir ki, mənim və ailə üzvlərimin həyatı təhlükədədir: "Bir fırıldaqçının sifarişi ilə məhkəmə orqanları məni özümə qəsd etmək həddinə çatdırıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən bu işi Ali Məhkəmənin Plenumuna çıxarilıb qanuna uyğun şəkildə baxılması və ədalətli qərar qəbul edilməsi, bu iş üzrə əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində cinayət işinin başlanılması məsələlərini nəzarətə götürməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm".
Füzuli