“Bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdir”
“Bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdir”
24 İyul 2019 13:07 SosialGənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları da hər zaman xüsusi diqqət yetirir. Bu istiqamətdə müntəzəm olaraq layihələr reallaşdırılır, tədbirlər təşkil edilir. Mütəxəssislər hesab edirlər ki, belə tədbirlərin mütəmadi təşkili gənc vətənpərvər nəslin yetişməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev hesab edir ki, Azərbaycan gənclərinin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində istər dövlət, istərsə də gənclər və qeyri-hökumət təşkilatları səviyyəsində görülən işləri qaneedici saymaq olar: "Bu mövzu daim aktual olub və dövlət daim bu məsələyə xüsusi diqqət yetirib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ildə iki dəfə maliyyələşdirdiyi layihələr sırasında bu məsələyə xüsusi önəm verilir. Bütün zamanlarda gənclərimizin milli-mənəvi şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda böyüməsi, tərbiyə alması vacibdir və bu məsələdə III sektor da hökumətə imkanları daxilində dəstək olmalıdır. Bu il bizim təşkilat QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılanması məqsədilə maarifləndirmə kampaniyasını həyata keçirəcək. Layihənin əsas məqsədi həm də ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq, məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir. Bu dövlətin bizə yaratdığı şərait, imkanlardan biridir. Bundan lazımı səviyyədə, özü də şəffaf şəkildə yararlanmaq lazımdır".
Onun qənaətinə görə, gənclər Vətənə sadiq, Vətənini sevən biri olmaq üçün dövlətin onlara yaratdığı imkanlardan tam mənada yararlanmalıdırlar: "Ancaq gedib döyüşlərdə ölmək vətənpərvər demək deyil. Harada vətənə, dövlətə, millətə xeyrimiz dəyirsə vətənpərvərik. Dövlətimizi seviriksə, onun qanunlarına riayət ediriksə, dövlətçilik siyasətini dəstəkləyiriksə vətənpərvərik. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşır, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir".
C.Şahverdiyev hesab edir ki, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdir: "Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur. Burada mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də gənclərin Avropa və bəşəri dəyərlərlə milli dəyərləri düşüncəsində, həyat tərzində uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər də asan məsələ deyil, o zaman bunun nə qədər aktuallıq kəsb etdiyi bir daha ortaya çıxar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var. Bu problemlərə sinə gələn gənc özünü vətənpərvər hesab edə bilər".
Alim
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.