Torpaqlar hansı halda məcburi qaydada dövlət ehtiyacları üçün alına bilər? -TƏHLİL

Torpaqlar hansı halda məcburi qaydada dövlət ehtiyacları üçün alına bilər?

Respublikada aparılan tikinti quruculuq işləri torpaq, tikili və obyektlərin dövlət ehtiyacları üçün alınması məsələsini aktual edib. Vətəndaşların bu sahədə hüquqi biliklərinin kifayət qədər olmaması onların könüllü alqı-satqıya getməməsi ilə nəticələnir. Hazırda sadalanan məsələ ilə bağlı çoxsaylı mübahisələr məhkəmə predmetinə çevrilib. Hüquqşünas Alim Hüseynli bildirib ki, dövlət ehtiyacları üçün torpaqların alınması dedikdə bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və ya icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Alınan torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır. Bu əmlaklar sırasına sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər daxildir. Alınan tikili dedikdə isə torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər nəzərdə tutulur. Hüquqşünasın bildirdiyinə görə, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə alına bilər: "Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Torpağın alınması barədə qərar qəbul edildikdən sonra alan orqan şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. Bildirişdə torpağın satın alınmasının məqsədi, torpağın danışıq yolu ilə satın alınması mümkün olmadıqda, torpağın alınmasının bu Qanunla müəyyən edilmiş alternativi, mülkiyyətçinin bu iş üzrə müstəqil məsləhətçi axtara bilməsi imkanına dair izahat daxil olmaqla, könüllü danışıq yolu ilə satışın qaydaları və tələb olunan sənədlərin siyahısı əksini tapır. Alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razı olduqda, bildirişi alan gündən 30 təqvim günü ərzində öz razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırır. Torpağın alınması qrupunun üzvləri bildiriş göndərilmiş bütün mülkiyyətçilərə bildirişi izah və müzakirə etmək məqsədilə görüşlər keçirirlər. Torpağın alınması qrupunun heç bir üzvünün mülkiyyətçidən torpağı satın almaq üçün təklif vermək və ya torpağın satın alınmasına razılıq verilməsini tələb etmək, yaxud mülkiyyətçidən torpağı alan orqana satmaq təklifini qəbul etmək hüququ yoxdur".

Onun sözlərinə görə, alınmanın təsirinə məruz qalan şəxs torpaq üzərində hüquqların danışıq (könüllü alğı-satqı) yolu ilə satışına razılığı barədə alan orqanı yazılı şəkildə məlumatlandırdığı hallarda alan orqan həmin şəxslərin torpaqlarının qiymətləndirilməsini təmin edir. Torpağın alınmasına dair təklifin verilməsindən əvvəl alan orqan könüllü alğı-satqıya razılıq vermiş alınmanın təsirinə məruz qalan şəxslərin razılığı ilə torpağın keyfiyyətini qiymətləndirmək üçün torpağa daxil ola, ondan nümunə götürə, zərurət olduqda torpağın qanunvericiliyə uyğun olaraq mərzlənməsini təmin edə, habelə torpağın bazar və ya bərpa qiymətinin müəyyən edilməsi üçün zəruri olan digər hərəkətləri edə bilər. Alınan torpağın satın alındığı qiymətin növü və məzmunu kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Alan orqan bu fəslə uyğun olaraq alınan torpağın qiymətinin növünü və məzmununu bilavasitə öz mütəxəssisləri və ya dəvət olunmuş müstəqil qiymətləndiricinin köməyi ilə müəyyənləşdirir, lakin hər bir halda satıcıya təklif və ya yeni təklif göndərməzdən əvvəl qiymətin növünü və məzmununu nəzarət orqanı ilə razılaşdırır: "Veriləcək kompensasiya tam və ya qismən, birdəfəlik və ya hissəhissə pul məbləği ilə ödəniş formasında ödəniləcəyi hallarda kompensasiya bank hesabına ödənilir. Alınmanın təsirinə məruz qalan şəxslər bank hesabına malik olmadıqda, alan orqan öz vəsaiti hesabına alınmanın təsirinə məruz qalan şəxslərin adına bank hesabı açmaq və bu hesabdan istifadə olunmasında həmin şəxslərə yardım göstərmək öhdəliyi daşıyır. Alınmanın təsirinə məruz qalan şəxsin bank hesabı olduğu halda pul kompensasiyası həmin bank hesabına ödənilir. Pul kompensasiyası almaq hüququna malik olan ailənin üzvü olan alınmanın təsirinə məruz qalan şəxs öz vəsaiti hesabına və alan orqanın yardımı ilə öz adına kompensasiyanın ödəniləcəyi bank hesabı aça bilər. Alan orqan bu madd ənin tətbiq ediləcəyi hər hansı bank hesabı ilə bağlı həmin hesabdan istifadə ediləcəyi ilk bir il ərzində bütün xərcləri ödəmək öhdəliyi daşıyır. Alınan torpaq ümumi mülkiyyətdə olduqda, alan orqan pul kompensasiyasını bütün mülkiyyətçilərə onların payına mütənasib olaraq ödəyir və ödəniş zamanı hər bir mülkiyyətçidən qəbzin imzalanmasını tələb edir. Bildirişlərin çatdırılması üsulları: Hansı şəxslərə göndərilməli olan bildirişlər bilavasitə və ya poçt rabitəsi vasitəsilə onlara çatdırılmalıdır".

O, əlavə edib ki, alınmanın təsirinə məruz qalan şəxs hüquqlarının pozulması ilə bağlı şikayətlərin baxılması komissiyasına şikayət verə bilər, lakin bu hal şikayətin köçürülmə komissiyasına və ya nəzarət orqanına təqdim etməyin şərti kimi olmamalıdır. Şikayətin təqdim olunduğu şikayətlərin baxılması komissiyası onun həll olunması üçün zəruri tədbirlər görür, şikayət üzrə tərəfləri barışdırmağa səy göstərir və lazım olduqda belə qərarları qəbul etmək istiqamətində alan orqana tövsiyələrini verə bilər. Alan orqan kompensasiyanın məbləğinə dair tövsiyələr istisna olmaqla, şikayətlərin baxılması komissiyasının tövsiyələrini qəbul edib müvafiq tədbirlər görür, yaxud məsələ üzrə müvafiq qərar qəbul edilməsi üçün şikayəti nəzarət orqanına göndərir. Alan orqan kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini onlara dair rəyi ilə birlikdə nəzarət orqanına təqdim edir. Şikayətlərin baxılması komissiyasının qərarı ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs şikayəti nəzarət orqanına təqdim edə (göndərə) bilər. Nəzarət orqanı təqdim edilmiş kompensasiyanın məbləğinə dair şikayətlərin baxılması komissiyasının tövsiyələrini və onlara dair alan orqanın rəyini həmin tövsiyə və rəyə dair təklifləri ilə birlikdə qiymətləndirmə komissiyasına göndərir. Nəzarət orqanının qərarı ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31