Hansı tarixi hadisəyə şahidlik etmək istərdiniz? – Sorğu
Hansı tarixi hadisəyə şahidlik etmək istərdiniz? – Sorğu
22 İyul 2019 12:34 SosialBəşəriyyət tarixi boyunca saysız-hesabsız hadisələr baş verib ki, insanların yaddaşında öz duyğusu, həyəcanı və nəticələrilə silinməz iz qoyub. Hətta insanlar bu hadisələri eşitmək, oxumaqla yanaşı yaşamağı da arzulayıblar. Əgər belə bir imkanımız olsaydı hansı tarixi hadisəyə şahid olmaq istəyərdik?
Olaylar.az gənclər arasında keçirdiyi bu sorğudan ən maraqlı fikirləri təqdim edir.
Mehriban Rzazadə (24 yaş)
Mənə görə Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuş bir tarix var, o da, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1918-ci il 28 may tarixində yaşayıb, o günə şahidlik etmək istərdim. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Bundan əlavə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına müraciəti, 1953-cü il 28 may tarixində "Amerikanın Səsi"nə müsahibəsi zamanı "Şüphəsizdir ki, bir gün həqiqət parıldayacaq!" başlıqlı nitqini söylədiyi zaman orada olmaq istərdim. Çünki hər dəfəsində bu nitqi dinlədiyim zaman böyük həyəcan keçirirəm.

***
Əli Rüstəmli (27 yaş)
Birləşmiş Ştatların 35-ci prezidenti Con Kennedinin öldürülməsi ötən əsrin ən hay-küylü cinayəti olmasına rəğmən bu sui-qəsdin hələ də qəti cavabı yoxdur. Bəlkə qəribə görünə bilər, lakin 1963-cü il noyabrın 22-də baş verən bu müəmmalı cinayətə şahid olmaq istərdim. Təsəvvür edin Kennedi xanımı Jaklin ilə limuzində təntənə ilə Dallasın mərkəzinə daxil olur. Texasa səfər onun 1964-cü ildə yenidən prezident seçilməsi uğrunda mübarizəyə hazırlıq xarakteri daşıyırdı. Yerli vaxtla saat 12.30-da snayper atəş açır. Boynundan və başından iki güllə yarası alan prezident hospitala çatdırılarkən ölür. İstintaqın qəti rəyi sadə idi: yeganə qatil bir neçə il Belarusiyanın paytaxtı Minskdə yaşamış sabiq desantçı Li Harvi Osvald olmuşdur. Sənəddə sui-qəsd olduğuna dair dəlil-sübutlar yoxdur... Maraqlısı budur ki, prezidentin qətlindən tezliklə sonra Osvaldın özü sui-qəsdin qurbanı oldu. Əgər şansım olsaydı bu müəmmalı Dallas cinayətinə şahid olub, oradakı insanların izdihamını görmək istərdim.

***
Kənan Cəfərli (25 yaş)
14 yaşında hakimiyyətə gələn, 14 ilə, 14 eli birləşdirən Şah İsmayıl Xətainin ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaratdığa günə şahid olmaq istərdim. Xətainin ilk dəfə türk dilini rəsmi dövlət dili elan etdiyi anı da görmək gözəl hiss olardı. Onun gətirdiyi bütün ilkləri böyük həyəcanla izlərdim. İlk dəfə güləşi döşək üzərinə gətirən pəhləvan, ilk dəfə türk dilində heca vəznində şer yazan şair, öz qoşunlarını 12 İmamın (ə) eşqinə 12 yerə bölərək, aypara şəklində düzən dahi strateq, tarixi torpaqlarımızı birləşdirərək vahid Azərbaycan dövləti yaradan fateh, zamanının dindar lideri, İmam Əli aşiqi... İsmayıl haqqında nə qədər mükəmməl xüsusiyyət deyilsə azdır. Bu fatehin keçirdiyi bütün döyüşlərə şahid olmaq istərdim. Özəlliklə də Çaldıran düzündə sultan I Səlimin Osmanlı qoşunları ilə I Şah İsmayılın başçılıq etdiyi qızılbaş qoşunları arasında olan döyüşə. Səvh etmirəmsə, döyüşdən artıq 505 il keçir, lakin biz hələ də onun nəticələrindən danışırıq. Özəlliklə də bu döyüşlə Səfəvi-Osmanlı müharibələrinin "ənənəsi"nin qoyulması və yaxın, oğuz mənşəli xalqların arasında münasibətlərin korlanmasından.

***
Lalə Çələbi (23 yaş)
Dünyada bir çoxları üçün ən müəmmalı məsələlərdən biri də Neil Armstrongun Aya uçuşu ilə bağlıdır. Bu barədə yetərli qədər mənbələrə müraciət etmişəm. Armstrong həqiqətən də Apollo 11 ilə Aya getdimi? Əgər getdisə bu tarixi anın hər saniyəsinə şahid olmaq istərdim. Deyilənə görə, Neil Armstrong Aya ilk addımını atmamışdan qabaq bu məşhur sözləri demişdi: "Mənim üçün kiçik, bəşəriyyət üçün nəhəng addımdır" Armstrong bu sözləri həqiqətən demişdi, ya yox orada olub bunu dinləmək istərdim.

***
Cəmil Əlizadə (29 yaş)
Sarayevoda Avstriya taxt-tacının vəliəhdi Franz Ferdinanda və onun xanımı Sophieyə serb millətçisi Gavrilo Princip tərəfindən sui-qəsd edildiyi ana şahid olmaq istərdim. Çünki bu hadisə dünyanın tarixini dəyişdi. Altı həftənin içində müharibəyə aparan bir neçə hadisələrə səbəb oldu. Birinci Dünya müharibəsi bütöv bir nəslin həyatında həlledici sınaq olub. Əlbəttə ki, Gavrilo Principin vəliəhd Ferdinandı öldürməsi müharibənin başlaması üçün formal səbəb idi. Lakin düşünün ki, hadisəyə şahidlik etdiyiniz an Gavrilonun əlindən silahı alırsınız və bununla müharibədə 9.5 milyon nəfərin həlak olmasının, 20 milyondan çox adamın yaralanmasının və 3.5 milyon nəfərin ömürlük şikəst olmasının qarşısını alırsınız. Bununla da dünya tarixi başdan yazılmış olardı.

***
Leyla Abbasbəyli (26 yaş)
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsinə şahid olmaq istərdim. Mən də həmin vaxt xalqımla birlikdə o həyacanı, qüruru yaşamaq, Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləmək istərdim. Bunun xalqımız üçün ölüm-dirim məsələsi olduğunu bu gün də başa düşürük, lakin bu hissi həmin gün yaşamaq təkrarolunmaz olardı. M.Ə.Rəsulzadənin M.Hacınskiyə göndərdiyi məktubunda yazırdı: "Hansı yolla, nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə, baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!". Bu sözlərdən sonra Bakının xilaskarı Nuru Paşanın zəfərinin canlı şahidi olmaq müthiş olardı.

***
Nəzrin Əlisoy (24 yaş)
İstanbulluların bir deyimi var: "Bizim İstanbul ehtirasımız taxta evin yanğını kimidir, hey alışıb-yanırıq". Hər tərəf sevdadır bu şəhərdə, Fateh Mehmet sevdası, bir də millətinə güvənin, inamın və imanın sevdası. Birdə hələ keçilməz, dəlinməz sular, yunanların dizini yerə gətirən qala divarları... Sanki Fateh Sultan Mehmet xan Topqapı önündədir, İstanbulun fəthindən sonra atıyla bərabər Qara dənizin qoynuna atlayacaqmış kimi. Fatehdən "İstanbulu necə fəth etdiniz?" deyə soruşanda o: "Öncə o mənim könlümü fəth etdi, sonra da mən onu" deyə cavab veribdir.
Əgər imkanım olsaydı İstanbulun fəthinə şahidlik etmək istərdim. Bu şəhər 7 dəfə mühasirəyə alınsa da fəth edilə bilməmişdi. Yəqin ki, öz fatehini gözləyirmiş. İstanbulun fəthi zamanı ən çox görmək istədiyim an isə yunanların gözündən yayınmaq üçün gəmilərin qurudan yeridilməsidir. Fateh Sultan Mehmetin: "Burdan gedə bilmərəm, ya mən şəhəri zəbt edəcəm, ya da şəhər məni ölü və ya diri olaraq zəbt edəcək" sözlərini şəxsən dinləmək istərdim. Cahan padşahı Mehmet İstanbulun fəthi ilə Şərqi Roma imperiyasını da süqut etdirdi.

***
Azad İmamverdiyev (29 yaş)
Telefon tarixdə dünyanı təəccübləndirən ən inanılmaz ixtiralardan biri olmuşdur. Müasir dünyamızı telefonsuz düşünmək mümkün deyil. Ona görə də Graham Bellin tamamilə təsadüf olan telefon kəşfinin şahidi olmaq istərdim. Bu hadisə mənə hər zaman maraqlı gəlib. Əslində Bellin əsl məqsədi, eşitmə qüsurlu insanlara danışmağa və eşitmələrinə yardımçı olacaq bir cihaz istehsal etmək idi. Bu təcrübəsində ona kömək edən dostu Thomas Watson ilə evində işləyən Bell tədqiqat apardığı zaman üzərinə bir şey töküldüyü üçün Watsondan yardım istəmişdir. Amma yoldaşı Watson o vaxt evin başqa bir otağında olmasına baxmayaraq, Bellin səsini cihazdan duyduğunu söyləmişdir. Eynisini yer dəyişdirərək edən ikili səsin çatdırıldığını fərq etmişdilər. Graham Bellin telefondakı ilk cümləsi "Mr. Watson Come Here I Want to See You" (Cənab Watson, bura gəlin, sizi görmək istəyirəm) olmuşdur. Əgər imkanım olsaydı bu hadisəyə şahidlik etmək istərdim.

***
Fidan Bayramova (24 yaş)
Azərbaycan Milli Azadlıq Hərakatına şahidlik etmək, hətta o hadisələrin içərisində olmaq istərdim. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Milli Azadlıq Hərəkatına çevrilmiş xalq hərəkatı azərbaycançılıq ideyalarını ortaya qoydu. Xalq hərakatına qoşulan insanların arasında olmaq, onların vətənpərvərlik ruhunu duymaq, azadlıq eşqinə şahidlik etmək istərdim. O insanların azadlıq, istiqlal sevgisini bugünkü gənclərin daşıyıb-daşımadığını bilmək istərdim.

***
Nigar Həmzəyeva (32 yaş)
1813 -cü ilin 12 oktyabr və 1828 -ci ilin 10 fevral tarixlərində imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrinin canlı şahidi olmaq istərdim. Məlumdur ki, hər iki sülh müqaviləsi Qacar dövləti ilə Rusiya İmperiyası arasında Azərbaycan torpaqlarının bölünməsi məqsədi ilə bağlanmışdır. Şahidlik etmək istədiyim tarixi hadisəni, anı fotokamera və video lentə köçürüb, daha sonra tərəflərin davranış, jestlərini bədən dili uzmanlarının təhlil etmələrini istərdim. Həmin onların üzlərindəki ifadə, bədən hərəkətləri ilə nə demək istədiklərini "oxumaq" maraqlı olardı.

Nigar Orucova