İtaliyaya gedən turistlərə yüzlərlə avro cəza təhlükəsi
21 İyul 2019 17:57 Sosialİtaliyada iki ağac arasında yelləncək quran və turistik bir körpünün altında kofe bişirən turistlərə yüzlərlə avro pul cəzası kəsilib.
Musavat.com dünya mediasına istinadən xəbər verir ki, cənubdakı Trieste şəhərində, həftə içində bir yaşıllıq yerdə iki ağacın arasına yelləncək asaraq günorta yuxusuna gedən 52 yaşındakı avstraliyalı bir turist 300 avro pul cəzası alıb. Polis avstraliyalı turistin ağaclara hər hansı bir şey asılmasını qadağan edən qaydanı pozduğu üçün pul cəzası kəsib. Turistin eyni zamanda bu yelləncəyi piyadaların istifadə etdiyi səkiyə yaxın qurduğu da qeyd edilib.
Triestedəki eyni yaşıllıqda yelləncək qadağasına qarşı bir etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Polisdən verilən açıqlamada isə şəhərdə ağaclara yelləncək asılmasına görə çox sayda şikayət gəldiyi bildirildi.
950 avro və şəhərdən qovulma cəzası
İtaliyanın ən turistik şəhərlərindən olan Venesiyada xüsusən də yay aylarında piyadaların çox olduğu Rialto Körpüsünün altında qəhvə bişirən iki nəfər də 950 avro cəza alıb. 35 və 32 yaşlarındakı Almaniya vətəndaşı iki turist kofe hazırlayarkən tutulub. Venesiya bələdiyyəsi "Rialto körpüsü altında çadır qurarkən saxlanan iki turistə pul cəzası ilə yanaşı, şəhərdən uzaqlaşdırma cəzasının verildiyini də açıqlayıb.
Venesiya bələdiyyə sədri Luigi Brugnaro da deyib ki, "Venesiyaya hər kəs hörmət etməli, şəhərimizə gəlib istədikləri kimi hərəkət edəcəklərini düşünən tərbiyəsizlər də başa düşməlidilər ki, cəza alacaqlar və şəhərdən qovulacaqlar".
Aralarında Venesiyanın da olduğu çox sayda İtaliya şəhəri xüsusən də turizm mövsümündə turistik məkanlarda yemək yemək, yerlərdə oturmaq, dekorativ hovuzlara girmək kimi "anti-sosial" hərəkətlərə yasaq və məhdudlaşmalar gətirir. Venesiyaya birgünlük gələn turistlərdən 10 avroya qədər "ayaqbasdı pulu" alınması da qərarlaşdırılmışdı.