ARDNF və Mətbuat Şurası jurnalistləri mükafatlandırdı

ARDNF və Mətbuat Şurası jurnalistləri mükafatlandırdı

Azərbaycan Mətbuat Şurası və Dövlət Neft Fondunun birgə keçirdiyi "Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikasının Dövlət Neft Fondunun timsalında" yazı müsabiqəsinə yekun vurulub. Neft Fondunun yaranmasının 20 illiyi ilə bağlı elan edilən müsabiqəsinin qalibləri müəyyən edilib. Dünən bu məqsədlə Dövlət Neft Fondunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Mətbuat Şurasının və ARDNF-in rəhbərliyinin iştirak etdiyi tədbirdə çıxış edən fondun icraçı direktoru Şahmar Mövsümov rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti barədə danışıb. Bildirib ki, 270 milyon manatla yaranan Dövlət Neft Fondu bu gün 40 milyard manata yaxın vəsaitə malikdir. Fondun media ilə sıx işlədiyini deyən Şahmar Mövsümov ARDNF-in şəffaf bir qurum olduğunu da söyləyib. Şahmar Mövsümov Dövlət Neft Fondunun yaranmasının ümummilli lider Heydər Əliyevlə bağlı olduğunu deyib. Qeyd edib ki. məhz Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib.

ARDNF-lə Mətbuat Şurasının Şahmar Mövsümov onu da qeyd edib ki, müsabiqəyə təqdim edilən yazılar kifayət qədər maraqlı olduğu üçün qaliblərin sayının artırılmasını zəruri edib və həvəsləndirici yerlərin sayı 5-dən 10 - a çatdırılıb. Şahmar Mövsümov media nümayəndələrini bayram münasibətilə təbrik edib. Həmçinin onu da deyib ki, qaliblərə əlavə olaraq Neft Fondunun hesabına 200 manat bayram hədiyyəsi veriləcək.

Tədbirdə çıxış edən Mətbuat Şurasının  sədri Əflatun Amaşov əvvəlcə 22 iyul Milli Mətbuat Günü münasibətilə hər kəsi təbrik edib.  Daha sonra mətbuatın tarixinə toxunan Əflatun Amaşov milli mətbuatının tarixinin Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzetinin adı ilə bağlı olduğunu söyləyib.  Əflatun Amaşov deyib ki, Həsən bəy Zərdabi  yalnız qəzet naşiri deyildi. O, həm də mütəfəkkir, alim, müəllim və xeyriyyəçi idi. Azərbaycanda həyata keçirilən neft strategiyasına da toxunan Əflatun Amaşov medianın da daim bu mövzuya toxunduğunu diqqətə çatdırıb.

Fondun ictimaiyyətlə əlaqələr departamentinin direktoru, mətbuat katibi Cəmalə Əliyeva yazı müsabiqəsinə müxtəlif kütləvi informasiya vasitələri tərəfindən 31 yazı təqdim edildiyini diqqətə çatdırıb. Müsabiqəyə təqdim olunan hər bir yazının maraqlı olduğunu deyən Cəmalə Əliyeva qaliblərə uğurlar arzu etməklə yanaşı, media nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibətilə də təbrik edib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31