“YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib
“YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib
19 İyul 2019 15:23 SosialAzərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan, Bakıdan və regionlardan 1000-ə yaxın gəncin qatıldığı "YayFest" çərçivəsində startap və innovasiya paneli keçirilib.
Olaylar.az bildirir ki, paneldə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Ölkəmizdə artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır. Nazirlikdən birbaşa maliyyə və təşkilati dəstək alan bir neçə startap nüfuzlu beynəlxalq yarışmaların qalibi olub", - deyə şöbə müdiri vurğulayıb.
R.Əzizov bildirib ki, ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə "İ2B - İdeyadan Biznesə" layihəsi həyata keçirilir.
Şöbə müdiri, həmçinin deyib ki, bu il respublikamızın 12 regionunda keçirilən startap turunun finalçıları 29-31 avqust tarixlərində Şamaxıda təşkil olunacaq "İnnocamp" innovasiya yay düşərgəsində iştirak edəcək. "İnnocamp" çərçivəsində inkubasiya mərkəzləri və texnoparkların rəhbərlərinin, akseleratorların və İKT şirkətlərinin nümayəndələrinin iştirakı ilə "dəyirmi masa"lar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.