Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin "Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili" layihəsi çərçivəsində Quba və Xaçmaz rayonlarına infotur təşkil olunub.

Olaylar.az bildirir ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

12-14 iyul tarixlərini əhatə edən infoturda 20 nəfərə yaxın KİV, QHT, müxtəlif turizm şirkətlərinin nümayəndələri və digər sosial-fəal gənclər iştirak edib.

İnfoturun ilk günü layihə rəhbəri Vamiq Babayev "Şəfəq" Ekoturizm İctimai Birliyi fəaliyyəti və layihə haqqında məlumat verib. Layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün elan olunan 1-ci qrant müsabiqəsində qalib layihələr sırasında olduğunu deyən V.Babayev layihə çərçivəsində görülən işlərdən danışıb.

Kənd turizminin inkişafına töhfə vermək məqsədilə Quba rayonunun Qəçrəş kəndindəki evlərdə yerləşdirilən iştirakçılar infotur müddətində Quba və Xaçmazın tarixi görməli yerlərinə ziyarət edib, kənd həyatı ilə yaxından tanış olub, müxtəlif kənd təsərrüfatı fəaliyyətlərinə cəlb olunublar.

İştirakçılar Qubanın Afurca kəndində yerli kənd sakinləri ilə görüşüb və onların kənd turizminə müsbət təsirləri barədə fikirlərini bölüşüblər. İştirakçılar, həmçinin həmin ailələrin həyat tərzi ilə maraqlanıb, kiçik təsərrüfatları ilə tanış olub, heyvan kəsimi, kartofun torpaqdan çıxarılması, təbii məhsullardan istifadə etməklə yeməyin hazırlanmasında iştirak ediblər.

İnfotur iştirakçıları həmçinin Qubanın Təngaltı kəndində Vəlvələ çayının yaratdığı Kanyonlara da səfər ediblər.

1946-cı ildə alman əsirləri tərəfindən salınan Qubanın ən qədim parkı Nizami adına parkı gəzən iştirakçılar XIX əsrə aid Qudyalçay üzərindəki qədim Tağlı körpüyə eniblər, dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə olublar.

Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev və "Kənd Yaşıl Turizmin İnkişafına Dəstək" İctimai Birliyinin Şimal regionu üzrə əməkdaşı Elşən Məmmədov iştirakçılarla görüşüblər. Görüşdə kənd yaşıl turizmi və onun mahiyyəti, kənd turizminin sosial-iqtisadi, mədəni təsirləri, kənd turizminin təbliğiatı istiqamətində əsas amillər haqqında fikir mübadiləsi aparılıb.

İnfotur zamanı Xaçmaz Turizm İnformasiya Mərkəzində Xaçmaz rayonunun icra başçısının müavini Araz Rzayev, mərkəzin rəhbəri Vasif Əhmədov, kənd turizmi fəaliyyəti ilə məşğul olan ailə-kəndli təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib.

İştirakçılar həmçinin Xaçmaz rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzi, açıq səmada altında Şəxsiyyətlər Muzeyi, Tarix Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Xaçmaz qülləsini ziyarət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31