AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsi üçün yeni imkan
AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsi üçün yeni imkan
10 İyul 2019 15:03 SosialAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, inşaat müəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər.
Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri Akkord şirkəti tərəfindən ödəniləcək.
Bu məqsədlə iyulun 10-da AzMİU-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, Akkord şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Akkord STİK ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyəti, magistr tələbələr iştirak edib.