Ağsuda arıçılara təlim keçirilib
Ağsuda arıçılara təlim keçirilib
10 İyul 2019 14:04 SosialAğsu rayonunun Padar kənd sakini Cəlal Miriyevə məxsus olan 47 baş arı ailəsi saxlanılan təsərrüfatda bir qrup arıçıya "Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri" mövzusunda təlim keçirilib. Təlim təsərrüfat şəraitində Ağsu Rayon Baytarlıq İdarəsinin rəisi Gülxan Zeynalov tərəfindən aparılıb. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, səyyar formada keçirilən təlimdə iştirak edən arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib. Təlimdə Avropa çürüməsi xəstəliyinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri arıçıların diqqətinə çatdırılıb. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.
Təlimdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində "Satıla bilməz" yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə də ətraflı müzakirələr aparılıb.