TƏHQİR- Züleyxa Nadir yazır
TƏHQİR- Züleyxa Nadir yazır
10 İyul 2019 13:08 SosialMən şou xarakterli proqramlara baxmıram. Ona görə yox ki, musiqi zövqüm yoxdu. Yox, klassik və müasir Azərbaycan musiqisini, bəstəkar və xalq mahnılarını sevə-sevə dinləyirəm. Muğamın dərinliklərinə enə bilməsəm də saz musiqisi ruhumun qidasıdı. Televiziyada, radioda yüksək səviyyəli musiqili verilişləri maksimum qaçırmamağa çalışıram. Amma çoxlu sayda müğənninin iştirak etdiyi hər hansı bir verilişin səviyyəsi mənim üçün sıfıra bərabərdi. Az qala siyasi verilişlərdə belə şərhçi qismində oturub fikir söyləyən müğənniləri görəndə də ürəyim sıxılır, millətə yazığım gəlir. Çünki Azərbaycan televiziyaları milləti savadsız, dünyadan bixəbər, ziyalılıqdan uzaq, toyxana təfəkkürlü müğənnilərə baxmağa, onların "ağıllı" nəsihətlərini, duzsuz və ucuz söhbətlərini, şit zarafatlarını dinləməyə məhkum ediblər.
Son günlərin ədəbi mühitindəki İkinci Mahmud kədərinin soyuqluğu altında üşüyərkən rastıma bir video çıxdı. Bu tip videolar maraq dairəmdən uzaq olsa da "Gör kimlərin arxasınca gedirsiniz, a millət" başlığı diqqətimi çəkdi. Baxmalı oldum. Video ARB kanalında yayımlanan şou proqramın bur parçası idi. Aparıcı müğənnilər arasında sorğu apararaq Nəsimi ilində şairin neçə yaşı olduğunu soruşur. 15-16 nəfərin arasından yeganə doğru cavabı Cavanşir Məmmədov verdi.
Doğrusu təəccüblənmədim, müğənnilərin savadsızlığına qəzəblənmədim. Sadəcə onlara dəyər verib yuxarı başa keçirənlərə yazığım gəldi. Sanki bu ölkədə Nəsimi ilə bağlı fikir söyləyə biləcək ən elitar zümrə bunlardı. Əməkdar və xalq artistləri İmadəddin Nəsiminin yubiley yaşını bilmirlər, 2019-cu ilin "Nəsimi ili" elan olunduğundan xəbərsizdirlər. Halbuki bir müddət əvvəl öz həmkarları olan Afət Fərmanqızını Nəsiminin şerini əndrabadi oxuduğuna görə topa tutmuşdular. Kimin gücü hansı daşa çatdısa götürüb atmışdılar Afətin arxasınca. Hərçənd Afət də daşa tutulmalı idi. Heç olmasa Afət gündəmi "partladanda" maraqlanmadılar ki, balam, bu Nəsimi kimdi, nəçidi, nə yazıb, nə pozub? Bütün bir il niyə onun adı ilə bağlıdı?..
***
Aparıcının sualına hərəsi bir cür cavab verdi. Biri deyir ki, mənə belə tarixi sual verməyin, digəri irişə-irişə "tarixi heç vaxt yaxşı oxumamışam" deyə az qala barmaqlarını mikrofon tutan adamın gözünə soxur. Zemfira adlı birisi gözünü qıyıb xeyli barmaqhesabı apardı, amma dəqiq nəticəyə gələ bilmədi ki, bilmədi. Nəhayət "tarixi bilmək gözəldi, amma mən bu dərsdən həmişə iki almışam" deyə bərkdən şaqqanaq çəkdi. Ədəbiyyatla tarixi qarışdıran bu müğənniciklərə nə deyəsən?
"Pişik" ləqəbli Günel Ələkbərova isə əsil pişik sıçrayışı edərək gül vurdu: "Onu bilirəm ki, çox yaxşı kişi (!) olub, Allah qəni-qəni rəhmət etsin. Son vaxtlar onun qulağını cırnadıblar (?), rəhmətliyi qoymurlar yerində rahat otursun". Səidə, Kərim, Ayaz Qasımov, Şəbnəm Hüseynova, Niyam Səlami, Manaf Ağayev, Ayan Babakişiyeva, Namiq Qaraçuxurlu ibtidai sinifdə (!) yaxşı oxumadıqlarını söylədilər. Ona görə də "yalan danışa bilməyəcəklərini" vurğulayaraq Nəsimin yaşı haqqında bir söz deyə bilmədilər. Əməkdar artist Şölə Səfərəliyeva həmkarlarının əvəzinə də "kül mənim başıma" deyərək xəcalət hissini büruzə verdi.
Elza Seyidcahan özünü az qala cahanşümül şair adlandırır. Görün şairə xanım nə deyir: "Nəsimi mənim həyatımdı, ürəyimdi... 800, 1000, yoxsa milyon il yaşayıb? Ay daaa... Nəsimiyə həsr etdiyim konsertim olacaq, gələrsiniz orda deyərəm neçə yaşı var". Sadəcə rəzalət!
Bu adamlar oturub-durub maddiyyatdan danışır, pul qazanmağın yollarını müzakirə edirlər. Ekspert qismində iştirak etdikləri verilişlərdə ölkə başçısını tərifləyir, onu dəstəklədiklərini vurğulayırlar. Hətta bir az da irəli gedərək prezident İlham Əliyevdən ev, vəzifə, fəxri ad, prezident təqaüdü istəyirlər. Amma prezidentin gördüyü işlərdən xəbərdar deyillər. Onun Nəsimi ilə bağlı verdiyi sərəncamı bilmirlər. Budu bizim millətin üzdə olanları, "xalqım, millətim, ölkəm, prezidentim" deyərək əllərində mikrofon bağıran müğənniləri!
***
Müğənninin işi mahnı oxumaq, insanları əyləndirməkdi. İstər xalq artisti olsun, istərsə də əməkdar, lap elə Şöhrət Ordeni daşısın - fərq etməz, onun missiyası məhz əyləndirməkdi. Əslində sovetlər dönəmində belə idi. Nəinki sıravi müğənnilər, hətta SSRİ miqyasında tanınmış artistlər belə efirdən xalqa dərs keçmirdilər. Buna gərək yox idi, çünki onların işi deyildi. Televiziyalarda müğənnilərin dedi-qodu yaratması, bir-birilərinin "ətini yeməsi" üçün şərait yaradılmırdı. Nə də jurnalistlər müğənninin boyunu aşa bilən suallarla onları gündəmə gətirmirdiləır. Biz sözlə, hər kəs öz işi ilə məşğul idi.
Bu gün Nəsimini tanımayan, onun yubiley yaşından xəbərdar olmayan, amma efirləri qamarlayan, gözümüzü yağır edən müğənnilərin əlindən televiziyaya baxmırıq, ürəyimiz ağrıyır. Onların isə dünya vecinə deyil, bəlkə heç ürəkləri də yoxdu. Qəlbləri daşamı dönüb görəsən? Çalıb-oxumaqla, dedi-qodu yaratmaqla arxalarınca özləri kimi aşağı səviyyəli insanları aparır, cəmiyyətin ab - havasında xoş olmayan əhval yaradırlar. Telekanalları onlardan azad etmək lazımdı. Televiziya cəmiyyətin dərdini canına hopduran, xalqın kədərini qanında daşıyan insanların sözünə-söhbətinə möhtacdı, qapıları açmağın vaxtıdı. Ədəbi mühitin içində öz dünyasını yaradan SÖZ adamları var. Amma nə yazıq ki, cəmiyyətin yaradıcı sütunları olan bu SÖZ xiridarları müğənnilər qədər hörmət-izzət kürsüsünə oturdulmurlar.
Bir neçə gün əvvəl dünyanın kədərini, qəmini suçəkən kimi canına hopduran, xalqın problemlərini özünə dərd edən, labirintdən çıxmağın asan yolunu axtaran yazıçı İkinci Mahmudün ürəyi dayandı. Nə qəribədi, deyilmi? Bir tərəfdə Nəsimi kimi klassiki tanımayan, amma ardınca fanat ordusu daşıyan müğənnilər, digər tərəfdə Nəsimi yaralarını canında daşıyan, amma işsiz, kasıb olsa da heç vaxt əlinin arxasını yerə qoymayan, qürurunu sındırmayan ikinci mahmudlar. Nədən SÖZ sənətkarlarının ürəyi tab gətirmir? Ədalətin bumu, dünya?..
Ədəbiyyatda külüng vuranlara, taleyini SÖZə bağlayanlara təhqirdi bu videogörüntü.
Azərbaycan dövlətinə, Azərbaycan xalqına təhqirdi bu videoda danışan adamlar.
Nəsimin ruhuna təhqirdi müğənnilərin bu cür saymazyana və vecsiz davranışları...