Lerikdə 4 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur
Lerikdə 4 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur
10 İyul 2019 11:27 SosialLerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu yenidən qurulur. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar və çökmələr əmələ gəlmiş, yol avtomobillərin istismarı üçün yarasız vəziyyətə düşmüşdü. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bəzi ərazilərdə yatağın genişləndirilməsi işləri görülür. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir.
Bundan başqa suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu layihəyə uyğun olaraq, avtoqreyderlə 18 min paqon-metr uzunluğunda küvetlərin açılması və müxtəlif diametrlərə malik 264 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların quraşdırılması və izolasiyası aparılır. Yolu profilə salmaq məqsədi ilə karxana çınqılından hamarlayıcı qatın tikintisi işləri də görülür.
Texnoloji ardıcıllığa uyğun olaraq, sadalanan işlərin ardınca yol əsasının tikintisi işləri aparılacaq, daha sonar yola 2 laydan ibarət asfalt-beton örtük döşənəcək. Ümumilikdə layihə çərçivəsində tikinti işləri 200 min kv.m sahəni əhatə edir.
Layihənin sonuncu mərhələsində yol boyu 69 ədəd yol nişanı və məlumatverici lövhə, 42 ədəd km göstəricisi, 320 ədəd siqnal dirəyi quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Yerli əhəmiyyətli Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu Lerikin şəhər mərkəzinə çıxışı təmin etməklə 4 min nəfərə yaxın əhalinin yaşadığı 4 məntəqəni birləşdirir.