"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filmi təqdim olunub

"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filmi təqdim olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində  "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filminin disk-albomunun təqdimatı olub.

Olaylar.az xəbər verir ki, öncə tədbir iştirakçıları hər iki təşkilatın son vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

Tarixi faktlarla, xəritə və fotolarla zənginləşdirilmiş kitabın müəllifi Hacı Nərimanoğlu çıxışında QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünün, havadarlarının yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin ifşa edilməsinə həsr olunan layihələrin  həyata keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk və başqaları nəfis tərtibatlı nəşrin Zəngəzur bölgəsinin Azərbaycan türklərinin əzəli torpağı olduğunun faktlarla ictimaiyyətə çatdırılması, ümümilikdə vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərinin artırılması və maariflənməsi üçün dəyərli töhfə kimi qiymətləndiriblər.

Təqdimatda kitabın lakonik, sadə və aydın üslubda yazıldığı, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb. 
Tədbirdə "Zəngəzur" tarixi-elmi sənədli filmi haqqında da məlumat verilib. Tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasında filmin əhəmiyyətindən danışılıb.
Sonda Mərkəzi Elmi Kitabxanaya və tədbir iştirakçılarına  birliyin indiyədək nəşr etdirdiyi kitablar çap və elektron formatda hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31