Paris Qarabağda partlayır

Paris Qarabağda partlayır

Tarix boyu müxtəlif xalqların coğrafiyaların tərəqqi və tənəzzül dövrü olur. Şərq dünyasının iqtisadi mədəni geriliyi əsasən 17-ci əsrdən başlamışdır. Bu zamandan etibarən İngiltərədə sənaye inqilabı və daha sonra Fransada maarifçilik ideyası yayılmışdır. 1789-cu il Fransa burjua inqilabı Rusiyada və Şərqdə öz təsirini yaratmışdır.

19-cu əsr mədəniyyətlərin bir-biriylə münasibət qurduğu əsrdir desək yanılmarıq. Höte, Bayron, Lermantov, Puşkin kimi rus və qərb yazarları əsərlərində şərq mədəniyyəti motivlərindən istifadə etmişdilər. Hətta biz Hötenin məşhur "Faust" əsərində onun vəhdəti-vücud fəlsəfəsiylə də tanış olduğunu görürük Dövrünün böyük bəlkə də zidiyyətli şəxsiyyəti olan Mirzə Fətəli Axundzadə də Qərbdən Rusiyaya gələn müsbət meylləri Azərbaycan ədəbiyyatına və ictimai fikrinə gətirməyə çalışmış, milli dramaturgiyanın, yeni nəsrin yeni fəlsəfi fikirlərin əsasını qoymuşdur. Bu baxımdan ona fəlsəfi cəhətdən Şərqin Volteri dramaturji cəhətdən isə Şərqin Molyeri adlandırırlar. Baxmayaraq ki, onun Molyerlə müqayisəsinə tanınmış yazıçı Mehdi Hüseyn etiraz etmışdir. Lakin bu anlayış bu gündə hakimdir.Mirzə Fətəli Tiflisdə Aleksandr Dümayla da görüşmüşdü.Biz bu haqda məlumatın Axundzadənin əsas  araşdırmaçısı Feyzulla Qasımzadədən öyrənirik.

Mirzə Fətəli təkcə fəlsəfi əsərləriylə deyil, dram əsərləriylə də Azərbaycan xalqına Qərbdəki proseslər şəxslər barədə məlumat verib. Dramaturq bunun ən bariz nümunəsini  "Hekayəti Müsyo Jordan həkimi- nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur" əsərində təsvir etmişdir.

Qarabağda qamışlıqda qalmaqdan bezən Şahbaz bəy daha dar mühitdə qalmaq istəmir. Müsyo- Jordanın oraya gəlməsi onun xaricə gedib bir mənsəb sahibi olmaq arzusunu gücləndirir. Əmisinin himayəsində yaşayan gənc bəyin qarşısında isə bir klassik maneə var. Onun öz əmisi qızı Şərəfnisəylə evləndirmək istəyirlər. Mirzə Fətəli başlanğıca bu pyesdə klassik evlənmə metoduna da etiraz edir. Belə ki Şahbaz bəy mütləq əlavə dil dünyagörüş öyrənib sonra evlənmək istəyir.

Hətəmxan ağa köhnə bəylərdəndir.  Hələ təhkimçilik hüququ ləğv edilmədiyindən o Təklə-Muğan elində öz rahat həyatını yaşayır. Köhnə adam kimi o da Şahbazın Parisə getməyinə razı olmur. Lakin Müsyo Jordanın Şahbaz bəy kraldan bəxşiş ala bilər fikrindən sonra fikrini dəyişir . Biz burada Hattəmxan ağanın xarakterini daha aydın görürük. "Fransızcanı öyrənməklə ağıl artmaz" sözündə müəyyən həqiqət olan mülkədarın qardaşoğlunun Fransanın padşahından ənam alacağına sevinməsi təbii idi. Rusiya imperiyasının ucqarında yaşayan bir mülkədarın  Fransa ilə də əlaqəsi qurula bilərdi. Xüsusən Qarabağ kimi bir məkanda.Biz burada Hatəmxan ağanın uzaqgörənliyini sezirik

Ümumiyyətlə biz bu əsərdə Azərbaycan üzərinə gələ biləcək Qərb təsirinin elementlərini görürük. Mirzə Fətəli Tiflisdə rus divanxanasında işləyə-işləyə öz xalqının Qərblə də müstəqil münasibət qurmasında istəkli olduğunu sezirik. Şahbaz bəyin:  "Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada firəng dilini öyrəndiyi üçün hər məcisdə məndən hörmətli idi. Bavücud ki firəng və türk dilindən başqa özgə dil biməzdi." Bu ifadələr hətta on doqquzuncu əsrdə rus və Şərq dilləri ilə yanaşı fransız dilinin Qafqaz coğrafiyasındakı əhəmiyyətindən məlumat verir. Şahbaz bəy digər bəy övladları ilə də rəqabətə girmək istəyir.

Hatəmxan ağanın Şahbazın getməsinə izin verməsi Şəhrəbanu xanımı bu prosesi dayandırmağa tamamən sövq edir. Qızı Şərəfnisənin ürəyinin sıxılmamasını istəyən ananın bu cür hərəkət etməsi də, təbiidir.Bundan sonra əsərin daha maraqlı, bir qədər mistik və bu günümüz baxımından  əhəmiyyətli olan hissəsi başlayır. Qadınların psixologiyasında cadugərlərin gücünə inamın tərəflərini burada görürük. Dərviş Məstəli şah artıq bölgədə ad çıxarmş cadugərdir. İnsanların sadəlövhlüyü gözəl anlayan  dərviş öz dolanışığını bu fəaliyyətdən çıxarır.

Məstəli şah öz cadularının gücündən danışarkən bu gün üçün aktual olan bir cümlə işlədir. ".. Əcinnlərə ifritələrə hökm etdim ki, tamam Naxçıvan-Şərur mahallarını damlarını qaldırıb yer ilə yeksan etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub Akir kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər." Gerçəkdən də baş verən təbii fəlakəti öz cadusunun ayağına yazan dərviş sanki XX əsrdə bu coğrafiyalarda baş verəcək siyasi fəlakətlərin anonsunu verir. Bu sözlərin Qarabağ ərazisində deyilməsi isə Axundzadənin uzaqgörənliyinin ifadəsidir. Sanki bununla ermənilərin bu ərazilərə iddialarına sanki dərviş haqq qazandırır, onların məzlum olduğunu ifadə edir.Ermənilər isə XX əsr boyu özlərinin məzlum xalq olduğunu dünyaya bəyan edə-edə öz siyasətlərini yürütdülər.Ümumiyyətlə bu əsərdə fon kimi Qarabağın olması günümüz baxımından aktualdır. Qarabağın  gözəl sərvətlərini Parisdə elmi dairələrə tanıtmaq istəyən Müsyo Jordana Şəhrəbanu xanımın timasılında "çör-çöp yığan firəng" deyilməsi xalqımızın öz torpağındakı sərvətə laqeyd qalmasının göstəricidir. Buna baxmayaarq Şəhrəbanu xanımda Qarabağı tanıtmaq istəyir, lakin yalnız oranın mətbəxi ilə ancaq mətbəxdən başqa da sərvətlərin də olmasını unudur.

Dünyada gedən siyasi proseslərlə dərvişin qurduğu oyun təsadüf nəticəsində üst-üstə düşür. 1848-ci ilin inqilabı firəng padşahının taxtdan düşməsiylə nəticələnir. Bununla Şahbaz bəy də Parisə gedə bilmir. Çünki onu bu əfsanəvi şəhərə aparacaq Müsyo Jordanın özü də kralpərəstdir. Hətəmxan ağanın dram boyu bir neçə dəfə ifadə etdiyi cümlə var. "Rüxsət vermərəm keçər Arazın o tayına." Lakin hər şey tərsinə olur bu dəfə Arazın o toyundan gələn dərvişin yarı mistik oyunu Şahbazın arzularını gözündə qoyur. Mirzə Fətəli bununla sanki o taydan Parisə vara bilməməyin də işarəsini oxuculara çatdırır.  Müsyo Jordana Təbrizdəki ingilis konsulluğundan bu bəd xəbərin çatdırılması isə dramaturqun siyasi proseslərə verdiyi qiymətlə bağlıdır. Çünki fransız kralı o zaman İngiltərəyə sığınmışdı.Həmçinin bununla güneydə ingilis təsirinin də olmasına işarə var.

Bu əsəri oxuyarakən insan təəssüf hissi keçirir. Bu günümüz baxımından o dövürdə Qarabağdan olan bir gəncimizin Parisə gedə bilməməyi sonrakı taleymizə təsiri olmuşdur. O zaman yalnız Əhməd bəy Ağaoğlu kimi fundemental bilikli, dəyərli insanlarımızın Parisdə oxuya bildilər. Onların sayı isə çox az idi. Təsadüfi deyil ki, 1987-ci ildə Aqambekyanın bir fransız jurnalına verdiyi müsahibəylə Qarabağ məsələsi alovlanmasına bəhanə oldu . Zamanında Avropada öz diasporasını təşkil edə bilməyən Azərbaycanın sonrada haqsız münasibətlə qarşılaşması təbii idi. Bu dram günümüz baxımdan bu cəhətdən çox aktualdır.

Ceyhun Mirzə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31