Türkiyədə Azərbaycan haqda nə düşünürlər? – Şok sorğu

Türkiyədə Azərbaycan haqda nə düşünürlər? – Şok sorğu

Türkiyə xarici siyasətinin ən önəmli məsələsi ABŞ-la münasibətlərdir.

Olaylar.az  xəbər verir ki, bu nəticə Kadir Has Universitetinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçıların 20,6%-i bu fikri dəstəkləyib. Bununla da ABŞ-la münasibətlərin Türkiyənin xarici siyasətində ən önəmli məsələlərindən olduğunu düşünənlərin sayı son 4 ildə 19,5% artıb.

ABŞ-la münasibətlərdən sonrakı yerlərdə ölkə xaricindəki terrorla mübarizə (18,3%), Suriyadakı vətəndaş müharibə (12%), Suriyada YPG-PKK-nın mövcudluğu (10,5%) qərarlaşıb.

Son 4 ildə olduğu kimi, cari ildə də ölkə üçün ən böyük təhdid ABŞ sayılıb. Əgər dörd il əvvəl ABŞ-ı təhdid kimi görən respondentlərin sayı əhalinin 44,1%-ni təşkil edirdisə, cari ildə bu göstərici 81,3% olub. Türklər üçün təhdidlər siyahısında növbəti pillədə İsrail (70,8%), Fransa (65%), İngiltərə (52,8%), Rusiya (44,2%), Çin (41%) gəlir.

Türkiyənin ən böyük dostları siyahısında isə ilk yeri Azərbaycan tutub. Azərbaycanı dost sayanlar respondentlərin 65,3%-ni təşkil edib. Azərbaycanı siyahıda Türkmənistan (61,5%) və Şimali Kipr (59,8%) izləyib.

Ən maraqlı məqam isə son iki ildə ilk dəfə NATO ilə işbirliyi qurmaq istəyənlərin sayının Rusiya ilə əlaqələr qurmaq istəyənlərdən çox olması olub. Belə ki, NATO il əlaqə qurmaq istəyənlər 15,7%, Rusiya ilə əlaqə qurmaq istəyənlər isə respondentlərin 12,9%-ni təşkil edib. Buna rəğmən respondentlərin bu təklifini üstələyən başqa alternativlər də tapılıb. Türklər NATO və Rusiya yerinə daha çox Azərbaycanla işbirliyinin (44,5%) tərəfdarı olublar. Azərbaycandan sonrakı yerdə isə türk dövlətləri ilə əlaqələrin inkişafı (41,2%) yer alıb. Cəmi 15,6% sorğu iştirakçısı Türkiyənin heç bir ölkə ilə işbirliyinə getməyərək, xarici siyasətini təkbaşına davam etdirməsi gərəkdiyini düşündüyünü bəyan edib.

Əhali arasında ölkənin xarici siyasətini uğurlu hesab edənlərin sayında böyük geriləmə də qeydə alınıb. Belə ki, ölkənin xarici siyasətini uğurlu hesab edənlərin sayı 41,7%-dən 29,7%-ə qədər geriləyib. Xarici siyasəti uğursuz hesab edənlərin sayı isə 31,4%-dən 34,8%-ə yüksəlib.

Ölkədə Avropa Birliyi tərəfdarları arasında da böyük yüksəliş müşahidə edilib. Əgər iki il əvvəl Türkiyənin Avropa Birliyinə üzvlüyünə müsbət yanaşanların sayı əhalinin 48,4%-ni təşkil edirdisə, cari ildə bu göstərici 61,1% olub. NATO üzvlüyünün saxlanılmasına gəlincə isə türklərin 70%-i bu üzvlüyün mütləq saxlanılması gərəkdiyini vurğulayıb. Bununla belə sorğu iştirakçılarının 55,8%-i Rusiya ilə Türkiyə arasında strateji ortaqlığın olduğuna inandığını bildirib.

Ən təzadlı məqam ABŞ-la bağlı olub. Belə ki, türklər NATO-nu dəstəkləsələr də, ABŞ-ı strateji ortaq kimi görmədiklərini deyiblər. Bu fikri dəstəkləyənlər əhalinin 75%-ni təşkil edib. Buna cavab olaraq respondentlərin 14,5%-i ABŞ-a strateji ortaq, 2,2%-i isə müttəfiq kimi baxdığını bildirib.

Sorğudakı digər ən maraqlı məqam S-400 və F-35-lərlə əlaqədardır. Belə ki, sorğu iştirakçılarının 37,4%-i indiyə qədər S-400, 41,2%-i F-35, 59,7%-i isə "Patriot" haqqında haqqında heç bir məlumat eşitmədiyini etiraf edib. 44% respondent ABŞ-ın sanksiyalarına rəğmən S-400 alınması gərəkdiyini düşündüyü halda 24,9% buna qarşı çıxıb.

Bu il də özünü dindar olaraq görən Türkiyə vətəndaşlarının sayı ilk pillədə yer alıb. Doğrudur, dindar cavabı ilk pillədə yer alsa da, yenə də geriləmə trendini qoruyub saxlayıb. Təkcə keçən illə müqayisədə özünü dindar sayanların sayı 30,9%-dən 27%-ə geriləyib. Dindarları siyahıda millətçilər izləyib. Cari ildə millətçilərin sayı 2,5% artaraq 23,5% olub. Üçüncü sıranı isə özünü cümhuriyyətçi və kamalist hesab edənlər tutub. Cümhuriyyətçilərin cari ildə sayı 16,9%-dən 18,5%-ə qalxıb.

Cari ildə ən böyük geriləmə mühafizəkarların sırasında yaşanıb. Belə ki, mühafizəkarların sayı son 3 ildə 22,6%-dən 10,4%-ə qədər geriləyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31