İstifadə etdiyimiz yağların tərkibində orqanizm üçün hansı zərərli maddələr var? -Təhlil

İstifadə etdiyimiz yağların tərkibində orqanizm üçün hansı zərərli maddələr var?

Normadan artıq istifadə hansı fəsadlara səbəb olar?

Gündəlik istehlak olunan əsas qida məhsullarından biri də yağlardır. Zaman-zaman istifadə etdiyimiz yağların tərkibi, onlara əlavə edilən qatqılar barədə müəyyən ehtimallar, fərziyələr irəli sürülür, yağlara əlavə edilən qatqıların insan orqanizmi üçün həddən artıq təhlükəli olduğu iddia edilir. Düzdür, müvafiq qurumlar bu kimi fikirlər ortaya çıxan kimi həmin məsələyə aydınlıq gətirir, səslənən iddiaları təkzib edirlər. Lakin bütün bunlara rəğmən istifadəçidə şübhəli məqamlar qalır.

Məlumat üçün qeyd edək ki, yağ su ilə qarışmayan bir sıra kimyəvi madələrin qarışığına deyilir. Yağlar üç qrupa bölünürlər. Piylər, neft məhsulları və efir yağı.

Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. Yağlar həm maye, həm də bərk halda ola bilirlər. Adətən otaq temperaturunda bərk yağlara heyvan piyləri (balıq yağından başqa), maye halında olanlara isə bitki yağları (kokos yağından başqa) aid edilirlər. Kimyəvi olaraq bu piylərin molekulalarında ikili kimyəvi əlaqənin olması ilə təyin olunur. Bərk yağlarda isə bu əlaqə daha dolğundur.

Yağlarin bir neçə sinifləndirilməsi də var. Otaq temperaturundakı vəziyyətinə görə qatı-doymuş yağlar və duru-yarı doymuş, doymamış yağlar olur.

Qeyd etdiyimiz kimi gündəlik istifadə etdiyimiz yağların tərkibinə insan orqanizmi üçün zərərli olan maddələrin əlavə olunması ilə bağlı yayılan iddialar istehlakçılar da haqlı narahatçılıq yaradır. Bu narahatçılığı nəzərə alan Qida Təhlükəsizliyi Agentliyi gündəlik istifadəmizdə istifadə edilən yağların tərkibi ilə bağlı araşdırma aparıb. Agentlikdən bildirilib ki, gündəlik istehlak olunan yağların tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Agentlilkdə bildirilib ki. son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb: "Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.

Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.  Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.

Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.

Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib. Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2 faiz miqdarında təyin edilib və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub.

Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31