Bir Odessa, iki Odessa...
Bir Odessa, iki Odessa...
3 İyul 2019 11:27 SosialElçin Hüseynbəyli
Belə-belə işlər
Ötən dəfə sizə Ukrayna səfəri ilə bağlı maraqlı bir əhvalat danışmışdım. Bəlkə də heç maraqlı deyildi, mənə elə gəlir. İndi çalışacam ki, həmin səfərdən daha bir maraqlı (?) epizod danışım.
Deməli, Dnepropetrovsk Hava Limanında təyyarədən endik. Burada yaşayan Azərbaycan diasporunun nümayəndələri bizi qarşıladılar və mühmanxanaya ötürdülər. Axşam şərəfimizə ziyafət verdilər. Elə oradaca məlum oldu ki, bir gündən sonra Odess şəhərinə getməli və orada Ukrayna-Azərbaycan Beynəlxalq Cəmiyyətinin müstəqilliyimizin şərəfinə keçirəcəyi axşama qatılmalıyıq.
Mehmanxanaya Dneprdəki dostlarımızın birinin "Mersedes-cip"ində qayıtdıq. Yolda maşınımız qəfil dayandı: nə irəli gedə bildik, nə geriyə.
"Bu maşına nə oldu belə?" deyə hamımız ürəyimizdə fikirləşdik. İnsafən təp-təzə, son model "cip" idi. Birdən dostlardan kimsə dedi ki, ola blər, maşına solyarka əvəzinə, bensizn töksünlər. Sən demə, maşın solyarka ilə işləyirmiş.
Bakın ağzını açdıq, hamı onu bir-bir iyləyəndən sonra belə qənaətə gəldik ki, doğrudan da belədir, maşına vurulan yanacaq solyarka yox, benzindir.
Biz taksi ilə mehmanxanaya, maşın sahibi isə geri - yanacaqdoldurma stansiyasına qayıtdı və üstündən bir neçə saat keçəndən sonra zəng edib dedi ki, zənnimiz düz çıxıb. Benzindoldurma stansiyasının rəhbərliyi ondan üzr istəib. Maşının bakını yuyub təmizləyiblər, yerinə də dizel yanacağı vurublar.
Nəsə.
Bir gündən sonra danışdığımız kimi, elə həmin "Cip"dəcə Odessaya yola düşdük. Bir az yol gedəndən sonra dostumuz dedi ki, dünən çox maşın sürüb, bu gün səhər də maşına yanacaq vurmağı unudub. Ona görə də məcbur olub, qarşımıza çıxan ilk "zapravka"da yanacaq vurası olduq. Maşın sahibi yerə düşəndə sırağagünkü hadisəni xatırlatdım və dedim ki, ehtiyatlı olsun, birdən yenə də yanacaqları qarışdırar.
Bakı yanacaqla doldurandan sonra yola düzəldik. Bir az getmişdik ki, maşın yenidən xırp yatdı. İşə düşmədik!? Mən hövsələsizlik edib dedim ki, bəlkə yenə də solyarka əvəzinə, benzin vurub. Dostumuz inciyən kimi oldu. Dedi ki, bu dəfə heç kimə arxayın olmayıb və özü yanacağı baka vurub. Maşından düşüb bakı açdıq, içindəkini iyləyəndən sonra məlum oldu ki, aşna, sən demə, yenə də maşına solyarka əvəzinə, benzin yüklənilib.
Dostumuz taksi tutub geri qayıtdı və gəlib nə desə yaxşıdır:
-Yuxarıdakı şitdə "dizel" yazılıb, dəstəyin üstündə isə "Aİ-92". Mən də dəstəyə fikir verməmişəm.
Yaxınlıqdakı kolxozdan çilingərlər, qurama maşın ustaları tapıb gətirdik. Maşında bir istahat qoymadılar. Dəfələrlər dedim ki, ən yaxşısı budur ki, evakuator çağraq, maşını da ona mindirib, yaxınlıqdakı profilaktoriyaya aparq, amma mənim sözümə baxan olmadı. "Ustalar" yorulandan, dostumuz bezəndən sonra mən deyəni elədi, evakuator çağırıb Morşinskə gəldik, maşını orda düzəldib, Odessaya tərəf düzəldik. Amma gec idi. Saat gecə 11-ə yaxınlaşırdı, təbii ki, tədbir də bitmişdi...
Nəsə.
Burdan o tərəfi daha da maraqlıdır.
Səhər oyananda dostumuz dedi ki, şəhərə çıxaq, biz Odessanı gəzək, o isə bəzi işlərini yoluna qoyandan sonra yenidən Dneprə qayıdarıq. Razılaşdıq. Biz Deribasov küçəsinə gəldik. Oranı günortaya qədər dolaşandan sonra dostumuzla zəngləşdik. Dostumuz təklif elədi ki, şəhərin çıxacağına gedək və düzələk yola. Çünki şəhərdə tıxac var. Vaxtımız çox getməsin. Belə də elədik...
Şəhərdən çıxdıq, deyib-gülə xeyli yol getdik. Birdən qarşımızda böyük bir şəhər peyda oldu.
Mən:
-Bu nə şəhərdi belə? - deyə xəbər aldım.
Dostumuz:
-Düzü, mən də bilmirəm, şəhərlər indi çox tez böyüyürlər.
-Vallah, bura gecə gəlsək də, mən yolumuzun üstündə belə bir şəhər görmədim. Bura Odessaya oxşayır, -dedim.
-Nə Odessa, canım, yarım saat qabaq Odessadan çıxmadıqmı?
Şəhərə çatanda göstəricidə nə oxusaq yaxşıdır? "Odessa".
Sən demə, biz şəhərin başqa başından çıxmışıq və yoldakı göstəricilər bizi xeyli fırladandan sonra şəhərin bu biri başına gətiriblər.
Məzən olsun!
Düzü, bir az məyus olduq. Çünki bu boyda kişilər xırda bir səhvi eləməməliydi. Yolda dayandıq, adama bir yüz-yüz vurandan sonra başımıza glənləri xatırlayıb doyunca güldük. O, hadisəni xatırlayanda gelməkdən özümü saxlaya bilmirəm və dostlarıma gözüm yaşara-yaşara danışıram...
Sizin də dodağınız qaçdımı, dostlar!?
İyulun əvvəli, 2019