Azərbaycanın görkəmli kino xadimi Peterburqda vəfat etdi
Azərbaycanın görkəmli kino xadimi Peterburqda vəfat etdi
1 İyul 2019 14:10 SosialAzərbaycan kino sənətinə ağır itki verib.
İstiPressin məlumatına görə, görkəmli səs rejissoru, Rusiya Federasiyasının (RF) Dövlət Mükafatı laureatı, Nika mükafatı laureatı, RF əməkdar incəsənət xadimi. Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik Ələkbər Həsənzadə bu gecə Sankt-Peterburqda dünyasını dəyişib.
Oğlu, səs rejissoru Tariyel Həsənzadə İstiPress-ə bildirib ki, mərhumun dəfni Bakıda olacaq və hazırda nəşinin Bakıya gətirilməsi məsələsi həll olunur.
Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları olublar, 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər.
Ələkbər Həsənzadə 1958-ci ildə Leninqrad Kino və Televiziya İnstitutuna qəbul olundu və 1963-cu ildə institutu bitirəndən sonra Bakıya dönüb və kinostudiyada səs recissoru kimi fəaliyyətə başlayıb. "Azərbaycanfilm"də ilk işi Arif Babayevin çəkdiyi "İnsan məskən salır" filmində oldu. Bu film dövlət mükafatına layiq görülüb. Ə. Həsənzadə "Səmt küləyi", "Ən vacib müsahibə" və başqa filmlərin səs rejissoru oldu. O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif alıb və "Lenfilm"də çalışmağa başladı. Bütvölükdə, "Azərbaycanfilm"də və "Lenfilm"də 120 tammmetraclı filmin çəkilişində iştirak edib. Ə.Həsənzadənin "İtaliyalı" adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb.