Sağlamlıq imkanları məhdud gənclər üçün tədbir keçirilib

Sağlamlıq imkanları məhdud gənclər üçün tədbir keçirilib

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində "Unutmayaq ki Unudulmayaq" adlı tədbir keçirilib.

"OLAYLAR" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Reabilitasiya Mərkəzinin sədri Rəhilə Həsrətova burada sağlımlıq imkanları məhdud gənclər üçün yaradılmış şərait və onların peşə biliklərinə yiyələndirilməsi haqqında geniş məlumat verib. Daha sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirdiklərini bildirib. O, çıxışında sağlamlıq imkanları məhdud gənclərimiz arasında milli vətənpərlik ruhunun yüksək olmasının bütün gəncliyimizə bir nümunə olduğunu qeyd edib. Məhz onların hazırladıqları əl işlərində vətənin tərənnüm edilməsi, tariximizə yer verilməsi milli dəyərlərimizə bağlılığının göstəricisidir.

Tədbirdə polkovnik Həmid Cəfərov, Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Dünya Çempionu Araz Musayev və İSBAM sədrinin müşaviri Samir Şahverdiyev çıxış edərək, xüsusilə sağlamlıq imkanları məhdud gənclər arasında vətənpərvərliyin təbliği istiqamətində "Unutmayaq ki Unudulmayaq" kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Tədbirin sonunda reabilitasiya mərkəzində kurs keçən gənclərin Nəsiminin 650 illiyinə hazırladıqları bədii səhnə nümayiş etdirilib. Eyni zamanda gənclər tərəfindən Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş poemadan parçalar səsləndirilib.

İSBAM rəhbərliyi tədbirdən sonra reabilitasiya mərkəzi ilə yaxından marağlanaraq, sağlamlıq imkanları məhdud olan gənclər tərəfindən hazırlanan əl işlərilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31