“261+1” adlı layihə təqdim edilib
“261+1” adlı layihə təqdim edilib
28 İyun 2019 15:05 SosialAMEA-nın Mərkəzi Elmi Kitabxanası və Macarıstanın Azərbaycandakı Səfirliyi "Azərbaycandilli vikipediyada Macarıstanla bağlı informasiyanın genişləndirilməsi" mövzusunda "261+1" adlı layihənin təqdimatını keçirib.
Olaylar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in Vikipediya Metodik Mərkəzinin Macarıstanla bağlı fəaliyyətindən danışan L.İmanova layihənin MEK-in Milli Rəqəmsl Yaddaş və İnformasiya təhlükəsizliyinin təmini kimi strateji hədəflərin tələblərinə cavab verməsindən, beynəlxalq aləmdə "Kitabxanada vikipediya" modelinin tətbiqinin effektivliyindən, layihənin işlək və davamlı olmasından, layihədə diplomatik nümayəndəliyin, fundamental informasiya qurumu olan elmi kitabxananın və könüllülərin sistemli şəkildə çalışmalarından, layihə nəticəsində çoxşaxəli informasiya toplusunun yaradılmasından, fəaliyyətə ali məktəblər tərəfindən marağın yaranmasından, iş prosesində komandanın və könüllülərin yeni bilik və bacarıqlara yiyələnməsindən danışıb.
MEK rəhbəri kitabxananın vikipediya fəaliyyətinin beynəlxalq ekpertiza tərəfindən də yüksək qiymətləndirildiyini, Macarıstanla bağlı layihənin bundan sonra da davam etdiriləcəyini və gələcəkdə mindən çox viki-məqalənin hazırlanacağını vurğulayıb.
Tədbirdə MEK-lə qarşılıqlı əməkdaşlıqdan söz açan Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkeny ikitərəfli münasibətlərin Azərbaycan-Macarıstan elmi-mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini bildirib.
Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan- Macarıstan ikitərəfli elmi-mədəni əlaqələrinin genişləndirilməsində səfirlik və MEK-in birgə fəaliyyətini yüksək qiymətləndirib.
Akademik İsa Həbibbəyli türkologiyanın inkişafında macar alimlərin rolundan, Macarıstan Elmlər Akademiyasının institutlarının AMEA-nın institutları ilə elmi əlaqələrindən söz açıb. Bu münasibətlər zəminində əldə edilmiş nəticələrin son dərəcə əhəmiyyətli olduğunu deyib. Çoxşaxəli əməkdaşlığın ölkələrimiz arasında elmi və ictimai-siyasi əlaqələrin inkişafına böyük fayda verəcəyinə əminliyini bildirib.
Akademik MEK vikipediyaçılarının ölkəmizdə vikipediya hərəkatında qabaqcıl rol oyandığını xüsusi vurğulayıb. Onların Azərbaycan və dost ölkələrlə bağlı reallıqların təbliğinə mühüm töhfələr verdiyini qeyd edib.
Sonda MEK-in Sərbəst ensiklopedik resurslar şöbəsinin əməkdaşları - Mahirə Niftullayeva və Nuray Tanrıverdiyeva MEK və Macarıstan səfirliyinin birgə əməkdaşlığı və "261 + 1" layihəsi mövzusunda təqdimatla çıxış ediblər.