Daşınmaz əmlak necə kadastr uçotuna alınır? -Təhlil

Daşınmaz əmlak necə kadastr uçotuna alınır?

Müasir iformasiya kommunikasiya əsrində daşınmaz əmakla bağlı bir sıra hüquqi prosedurların həyata keçirilməsi zərurəti yaranıb. Xüsusən, ölkədə iqtisadiyyatının dinamik inkişafı, investisiya fəaliyyətinin və əhalinin iqtisadi fəallığının yüksəlişi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sisteminin yeniləşməsini zəruri edib. Son illər bu sahədə qanunvericilik bazasının və idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Eyni zamanda, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının müasir tələblərə cavab verən sisteminin yaradılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi təmin edilib. Belə ki, daşınmaz əmlakın kadastr uçotundan tutmuş onun dövlət qeydiyyatına alınmasına qədər bir sıra prosedurlar var ki, olar barədə vətəndaşlar kifayət qədər bilgiyə malik deyillər. Əslində isə vətəndaşların daşınmaz əmlakın kadastr uçotuna alınması qaydası barədə bilgisinə ehtiyac duyulur. Bəs, bu proses hansı qaydada həyata keçirilir?

Qeyd edək ki, Dövlət torpaq kadastrı dedikdə, torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu nəzərdə tutulur. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Daşınmaz əmlakın kadastr uçotuna alınması xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilir. Xidmət daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərinin həyata keçirilməsi və daşınmaz əmlakın kadastr uçotuna alınmasını əhatə edir. Daşınmaz əmlakın kadastr uçotu ilə bağlı xidmətlərin göstərilməsi üçün müraciət ünvanları Əmlak Xidmətləri Məkanı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofisləridir. Xidmətin göstərilməsi üçün ərizə, torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, xidmət haqqının ödənilməsi barədə sənəd, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər sənədlər tələb olunur. Müraciət qanunvericiliyə uyğun formada xidmət ünvanlarında qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra üçün göndərilir. Struktur bölmədə müraciətə və ona əlavə edilmiş sənədlərə baxılır. Daşınmaz əmlakların kadastr uçotuna alınması barədə məlumatların istifadəçiyə təqdim edilməsi üçün müraciət qəbul edildikdən sonra daxil olmuş sənədlərdə göstərilən məlumatın daşınmaz əmlakın vahid dövlət kadastrında saxlanılan məlumatla eyniliyini müəyyən etmək məqsədi ilə ilkin araşdırma aparılır.

Daşınmaz əmlak obyektinin eyniliyini müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir, dəqiqləşdirilməsi məqsədi ilə obyektdə çöl geodeziya ölçmə işləri aparılır. İlkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq kameral işlər həyata keçirilir və kadastr uçotuna alınma barədə məlumat dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir. Qeyd edək ki, 5 iş günü ərzində göstərilən daşınmaz əmlakın kadastr uçotuna alınması xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə müvafiq qanunvericilik ilə müəyyən olunur.

Onu da qeyd edək ki, müasif informasiya texnologiyalarının köməyi ilə sosial şəbəkələr və internet resursları üzərindən ölkədə həyata keçirilən hərracı izləmək imkanı yaradılıb. Belə ki, istənilən şəxs sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə açıq hərracları qeydiyyatsız formada izləyə bilər. Burada hərraca çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsi canlı nümayiş olunur. Eyni zamanda Elektron hərrac sistemi ilə dövlət əmlaklarının sifarişçilərinə də rahat iştirak imkanları təklif edilir. Hərrac keçirildiyi gün iştirak statusu olanlar da məkana getmədən prosesə canlı formada qatılaraq seçdiyi dövlət əmlakını özəlləşdirə bilər. Bunun üçün iştirakçı komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.Yeri gəlmişkən xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 2-si keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bir daha xatırladaq ki, dövlət əmlaklarının özəlləşdirilməsində müasir üsulların tətbiqi hər kəsin prosesdə iştirakına şərait yaradır. Onlayn formada seçim, sifariş prosedurları və elektron hərrac sisteminin tətbiqi ilə investorlar olduğu məkandan hərraca qoşula bilir. Bu imkanlar özəlləşdirməyə marağı artırmaqla yanaşı, vaxta qənaəti, hərraclarda şəffaf mühiti və rahat iştirakı təmin edir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31