"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüblər

"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüblər

Milli Kitabxanada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə  "Gənc liderlər məktəbi"nin ölkənin tanınmış ictimai və dövlət xadimləri - gənc yaşlarından liderlik, təşkilatçılıq bacarıqları qiymətləndirilərək yüksək vəzifələrdə çalışmış insanlarla görüşlər silsiləsindən ilk tədbiri keçirildi. Olaylar.az bildirir ki, "Gənc liderlər məktəbi"nin üzvləri Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdülər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamladı və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirdi. İlk görüş "Heydər Əliyev və mədəniyyət" mövzusuna həsr edilir.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, 25 il əvvəl ulu öndər onu yanına çağıraraq gənclər və idman naziri təyin edəcəyini bildirəndə gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğuladı ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

Nazir qeyd etdi ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açdı. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verildi. Vurğulandı ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31